Azərbaycan yığmasının sabiq müdafiəçisi Azər Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– Millimizin Millətlər Liqasında Estoniya ilə matçdakı (0:0) çıxışını necə qiymətləndirirsiz? Sizcə, nəticə oyuna görə oldu?
– Oyun baxımından rəqibdən üstün idik. Əsas da 20-ci dəqiqədən sonra Estoniyanı üstələdik. Ancaq bu elə bir görüş idi ki, güclü oynasaq da, zəif oynasaq da, qələbə qazanmalıydıq. Son nöqtəni qoya bilən futbolçumuz olmadı. Nəticə istədiyimiz kimi olmadısa, deməli, komandamızın çıxışını müsbət qiymətləndirə bilmərəm.
– Yığmamız Millətlər Liqasında keçirdiyi 5 oyunda cəmi 1 xal toplayıb. Komandamızdan bu qədər uğursuz çıxışı gözləyirdiniz?
– Əlbəttə ki, gözləmirdim. Millimizə böyük təcrübəsi olan məşqçi gətirilib. Bundan əlavə, yığma üzvlərinin əksəriyyəti “Qarabağ”da oynayanlardır. Ölkə xaricində çıxış edən, beynəlxalq təcrübəsi olan futbolçularımız da var. Hazırkı heyət son illərin ən yaxşı heyətlərindən biridir. Bütün bunları nəzərə alaraq, Millətlər Liqasında bu dəfə uğurlu çıxış edəcəyimizi düşünürdüm. Biz İsveç və Slovakiyanı millimizə görə güclü rəqib sayırıq. Ancaq bir neçə il öncə Azərbaycan yığması səviyyəsində olan Gürcüstan, Lüksemburq kimi millilərin yığdıqları xala baxın. Artıq bizim üçün də “İsveç güclüdür, Slovakiya güclüdür” anlayışı olmamalıdır. Hər bir komanda ilə matçda nəticəyə oynamalıyıq.
– Sabah millimiz Millətlər Liqasında İsveçin qonağı olacaq. Bu oyundan uğurlu nəticə gözləməyə dəyər?
– Bir azərbaycanlı, millimizi sevən şəxs olaraq, mənim istəyim bu görüşdən qələbə ilə ayrılmağımızdır. Ancaq Millətlər Liqasının cari mövsümündəki nəticələrimiz göstərir ki, sabah bizi ağır oyun gözləyir. Bu mənada, İsveçdən xal və ya xallarla qayıtmaq çox çətin olacaq.
– Millətlər Liqasında D liqasının bir addımlığındayıq. Fernandu Santuşu yığmamıza buna görə gətirmişdilər?
– Həmişə tərəfdarı olmuşam ki, yığmamızın başında yerli məşqçi olsun. Çünki bizim üçün legioner məşqçi gətirmək hələ tezdir. Yığmamız Avropa və dünya arenasında hörmət qazanmalıdır ki, bizi sayıb-seçsinlər. Çəkinəcək bir komanda formalaşdırandan sonra işin sonunu gətirməsi üçün milliyə xarici mütəxəssis dəvət etmək olar. Hazırda bizim milliyə əcnəbi məşqçi gərək deyil.
FƏRİD