Azərbaycan yığmasının sabiq müdafiəçisi Deni Qaysumovun futbolinfo.az saytına müsahibəsi

– Millətlər Liqasında bu mövsüm Estoniya ilə keçirdiyimiz ikinci görüşdən də qələbə ilə ayrıla bilmədik. Qalibiyyət üçün nə çatışmadı?

– Əslində, oyun baxımından üstünlük bizim millinin tərəfində oldu. Oyuna və topa nəzarət tamamilə Azərbaycan yığmasının tərəfində idi. Real qol imkanları da əldə etdik. Sadəcə, epizodları məntiqi sonluğa çatdıra bilmədik. Məhz bu amil qələbəyə mane oldu. Rəqibin müdafiədən oynayacağı bəlli idi. Bunu eston futbolçuların matçöncəsi açıqlamalarından da anlamaq olurdu. Bizim futbolçular da bunu bilirdilər. Əfsuslar olsun ki, buna rəğmən, yenə də qalib gəlmək mümkün olmadı.

– Millətlər Liqasının cari mövsümündə 5 oyunda cəmi 1 xal qazanmışıq. Bu qədər uğursuz çıxış yəqin ki, sizin üçün də gözlənilməz oldu…

– Belə olacağını heç gözləmirdim. Ümid edirdim ki, ev oyunlarında bütün rəqiblərdən xallar ala biləcəyik. Ancaq əksini gördük.

– Qrupdakı son matçımızı bu gün səfərdə İsveç yığmasına qarşı keçirəcəyik. Evdə uduzduğumuz komanda ilə səfər görüşündə sensasiya etməyə gücümüz çatacaq?

– İsveçlə oyun bu mövsüm Millətlər Liqasında son matçdır. Komandamız bu görüşə rahat çıxmalıdır. Futbolçuların üzərindən təzyiqi götürmək lazımdır. Onlar turnir cədvəlini yaddan çıxartmalı və futboldan zövq almaq üçün oynamalıdırlar. Təbii ki, bunu məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək və taktikadan, strategiyadan çıxmamaq şərtilə etməlidirlər. Düşünürəm ki, bu halda milli İsveçdə yaxşı nəticəyə imza ata bilər.

– Fernandu Santuş Azərbaycana millimizi Millətlər Liqasında D liqasına düşürmək üçün gətirilmişdi?

– Yığmamızın C liqasından düşməmək üçün az da olsa, şansı qalıb. Bunun üçün mütləq səfərdə İsveçə qalib gəlmək lazımdır. D liqasına düşmək çox məyusedici olar.

– Hazırkı gedişat Santuşun səhv seçim olduğunu təsdiqləmir?

– Məşqçi seçimini AFFA edir. Şəxsən mənə görə, Santuşun gəlişindən sonra komandanın hücum xəttində inkişaf var. Bunu oyunlara əsasən deyirəm. Millimiz indi daha çox hücum edir. Digər tərəfdən, müdafiədə ciddi problemlər var.

ABBAS

Shares: