“Əfsuslar olsun, heyətimiz o qədər kasad idi ki, qalib gələ bilmədik. Dünən İsveçlə oyuna ürəyimin ağrısından axıra qədər baxa bilmədim. Əsəbimdən axşam 1-də ürək dərmanı içmişəm. Bizim cərimə meydançasında isveçlər topu bir-birinə ötürürdülər ki, bu dəfə sən vur. Bu da futbol qaydalarına görə çox pis çıxır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis milli komanda və klub məşqçiləri arasında daim ünsiyyətin olmasının tərəfdarıdır: “Futbol elə bir oyundur ki, tək məşqçi və futbolçulardan asılı deyil. Cəmdə klublardır və futbolçular da həmin klublardan gəlir. O klublara sual vermək lazımdır ki, verdiyiniz oyunçular yığmaya necə təsir edəcək? Niyə klublarda az çıxış edirlər? Öz futbolçularına görə cavabdeh olmalıdırlar. Klub və milli məşqçiləri arasında daim ünsiyyət olmalıdır. Futbolçu klubdan milliyə, eləcə də millidən kluba hansı vəziyyətdə gedir? Bu haqda danışmaq lazımdır. Bu da baş məşqçinin səhvidir ki, klublarda az oynayan futbolçuları milliyə dəvət edir. Amma belə baxanda kimi çağırsın? Axı onlardan artığı Azərbaycanda yoxdur. Bunlar zəncirvari bir-biri ilə əlaqədardır. Əgər futbolçular klubda az oynayırsa, millidə də zəif çıxış edəcək. Bəli, biz zəifik. Amma zəif də İsveçi, Estoniyanı yalnız ürəklə oynasa, məğlub edə bilər. Deməzdim hamısı ürəksiz oynayırdı, lakin Estoniya ilə matçlarda bacardığımız qədər ən yaxşısını göstərməli idik. İndi D Liqasına düşdük. Orada da bizim kimilər var. Amma onları da udmaq üçün indidən plan hazırlamaq lazımdır. Klublarımıza baxdıqda demək olar ki, heç birində mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi, hücumçu mövqelərində yerlilər oynamır. Mən klubları günahlandırmıram. Özüm də klubda işləmişəm. Amma klub rəhbərləri, məşqçilər fikirləşməlidir ki, heç olmasa, 1-2 Azərbaycan uşağını yaxşı hazırlasınlar. Yoxsa daha pis faciə olacaq”.
Mircavadov Fernandu Santuşun 2028-ci ilə qədər hər şeyi düzəldəcəyi fikrinə də münasibət bildirib: “Santuş hər şeyi düzəldəcəyini deyib. Mənə maraqlıdır ki, bunu kimlə edəcək? Elə bu gün millidə çıxış edən oyunçuların çoxunun 22-23 yaşı var. 4 il sonra da onlar olacaq. Əgər onlar bu yaşda “açılmayıbsa”, 4 il sonra da “açılan deyillər”. Lakin bu uşaqlar Avropa klublarında oynasalar, inkişaf ola bilər. Vallah, mən gürcülərə həsəd aparıram. U-21 milliləri Avropa Çempionatının finalına çıxıblar. Gürcüstan millisinin heyətindəki 26 nəfərin 23-ü xaricdə çıxış edir. Niyə bizdə eyni hal yaşanmır? Belə oyunla heç millimizin D Liqasında 6-7 xal qazanacağına inanmıram. Təşkilatçılıq AFFA-nın üzərindədir. Onlar da daim futbol adamları ilə bu barədə ünsiyyətdə olmalıdır. Digər əsas problemimiz isə meydançalarımızdır. Demək olar ki, bölgələrimizdə stadion yoxdur. Ən azından hazırda əllərində olan Lənkəran, İmişli stadionlarını təmir etmək lazımdır. Hər klubun öz stadionu olmalıdıdır. Əgər bir yaş qrupu digər yaş qrupunun vaxtına girməmək üçün meydançadan tez çıxır, bundan nə olacaq? Günə saatyarım məşqlə nə edə biləcəklər? Ona görə uşaqlar akademiyalarda qalmalıdırlar. Necə ki, əvvəl “Qəbələ”nin akademiyasında var idi. Şəxsən mən xaricdən legioner gətirib milliləşdirməyə razı deyiləm. Çünki onda vətən, millət sevgisi olmayacaq. Son olaraq onu demək istəyirəm ki, uşaqlara futbolu sevdirmək lazımdır. Oyunçunun topa sevgisi olmalıdır. O bilməlidir ki, futbolu sevir, oynamaq istəyir. Başqa dilləri öyrənib, xaricə gedib, özünü inkişaf etdirməsinə şərait yaradılmalıdır”.
GÜNAY SÜLEYMANOVA