“Millimizin müstəqillik dönəmindən bu günə qədərki ən biabırçı nəticəsidir. Ən azından qrupda Estoniyadan öndə olmağı gözləyirdik. Amma təəssüf ki, belə olmadı. Artıq D Liqasındayıq. Bundan o tərəfi yoxdur və bu, bir faciədir. Hələ cırtdanlar çempionatında necə çıxış edəcəyimizi də bilmirəm. Artıq ümidsizliyə qapılmışıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Vidadi Rzayev deyib.

Veteran futbolçu əcnəbi məşqçilərə bu qədər pul verməkdənsə, həmin maliyyəni uşaq futboluna ayırmaq lazım olduğunu bildirib: “Əslində, belə də olmalı idi. Çünki hələ ki, bizə xarici məşqçinin gəlməsinə ehtiyac yoxdur. Bizə gələn məşqçilərin hamısı savadlıdır. Hər biri millilərdə işləyib və tanınmış mütəxəssislərdir. Onlarda günah yoxdur. Günah quruluşda, infrastrukturdadır. Heç nəyi düzgün müəyyənləşdirmirlər. Artıq 8 ay olacaq ki, AFFA-ya yeni rəhbərlik gəlib. Bu aylarda 50-dən çox məğlubiyyət və buraxılan xeyli qollar var. Nəyisə düzəltmək lazım olduğunu oturub müzakirə etməlidirlər. Ən azından futbol ictimaiyyəti, veteranlarla birlikdə fikirləşib, çıxış yolu tapmaq lazımdır. Hamı təməlin uşaq futbolu olduğunu bilir. Amma təəssüf ki, hazırda uşaq futbolumuz acınacaqlı vəziyyətdədir. Bəlkə də yeganə ölkəyik ki, bünövrə olmadan nəsə tikməyə çalışırıq. Meydançalar nə gündədir, I və II Liqalarımızda durum çox pisdir. Normal büdcə ayrılmayıb. Liqalarda səviyyəni yüksəltmək lazımdır ki, heç olmasa, elita klublarının məşqçiləri oradan uşaqlar cəlb etsin. Amma hazırda o liqaların da səviyyəsi çox aşağıdır. Maliyyəni dağıdıb, parçalayıb yedikləri üçün indi bu vəziyyətə düşdük”.

Rzayev aşağı yaş qrupundan ibarət millilərimizdə bu qədər problem olduğu halda Fernandu Santuşun bir ildən sonra hər şeyi necə düzəldəcəyini anlamadığını söyləyib: “Elə bil ki, illərimizi çölə tulladıq. Bütün millilərimizin hamısı məğlub ola-ola gəlirlər. Bəs sonra əsas yığmada kim oynayacaq? Santuş da deyir ki, bir ildən sonra yaxşı olacaq. Halbuki Canni de Byazi də gələndə burada prespektivli futbolçuların olduğunu, hər şeyi düzəldəcəyini deyirdi. Ardıcıl məğlubiyyətlərdən sonra burada futbolçu olmadığını bildirdi. Pulunu aldı və getdi. Bu da elə olacaq. Bir ildən sonra nəyi dəyişəcəyini açıqlasın biz də bilək. Bəlkə mənim futboldan anlayışım yoxdur? Sözü hər kəs deyə bilər. Lakin reallıq bu deyil axı. Düzdür, bizim dönəmimizdə də məğlubiyyətlər olub, amma belə də yox. O vaxtkı maliyyə, şərait ilə indiki bir deyil. Heç vaxt futbolçuların mükafat almasının əleyhinə olmamışam. Həmişə demişəm ki, qazanmalıdırlar. İdmançı ömrü isə ümumiyyətlə qısadır. Qazansınlar, amma layiq olan qiyməti alsınlar, daha suni şəkildə yox. Məğlub olan komandaya mükafat verərlər? Camaat Dünya Çempionatının finalına çıxıb, o pulu alır. Belə fürsəti qoyub, Azərbaycandan qırağa çıxarlarmı? Dəlidilər ki, gedib ordakı yerli oyunçularla rəqabətə dözsünlər? Burda gül kimi milyonları qazanırlar da. Ona görə də qabağa gedən yoxdur. Gürcüstanda maliyyə az olduğu üçün futbolçuları xaricdə oynayır, ölkələrini tanıdır. Bizdə isə bundan sonrasını Allah saxlasın”.

GÜNAY SÜLEYMANOVA

Shares: