“Real” qışda bəz futbolçularını icarəyə verəcək. Madridlilər xüsuslə zədəlilərin bol olduğu müdafiə xəttinə yeni transferlər etmək üçün heyəti qismən boşaltmalıdır.
Futbolinfo.az xəbər verir ki, getməsi gözlənilən oyunçuların başında Arda Gülər gəlirdi. Amma “Arsenal”ın xüsusilə israrla istədiyi yarımmüdafiəçi İspaniyada qalacaq. “Real”ın prezidenti Florentino Peresin Türkiyə yığmasının üzvünün qışda heç yerə getməyəcəyini deməsindən sonra məsələ bağlanıb.
Əvəzində Endrikin vidası daha çox aktuallaşıb. Braziliyalı hücumçu daha çox oynamaq istəyir, “Real”da isə belə fürsət yoxdur. İcarəyə verilməsi planlaşdırılan Endrikə hələlik əsas müştəri “Sauthempton”dur. İngiltərə klubu yanvarda futbolçunu 6 aylıq heyətinə qatmaq üçün çalışacaq.
Madridlilər daha bir yarımmüdafiəçi ilə də vidalaşacaq. “Real” “Liverpul”un almaq istədiyi Aurelien Çuamenini saxlamaq, Dani Sebalyosu satmaq istəyir. Necə olacağı qış fasiləsində bilinəcək.