Azərbaycan yığması UEFA Millətlər Liqasını 3 qolla tamamlayıb.

Futbolinfo.az saytı xəbər verir ki, millimiz bu göstəriciyə görə, Avropanın ən zəifləri sırasındadır.

Fernandu Santuşun yetirmələri qitənin 53 komandası arasında cəmi 4 yığmanı qabaqlayıb. Belə ki, Finlandiya və Malta hərəyə 2 dəfə fərqlənibsə, Qazaxıstanla Andorra turnir zamanı rəqib qapılarına yol tapa bilməyiblər.

2024-25 mövsümündə ən çox qol vuran komanda isə İsveç olub. Skandinaviyalıların zirvəyə yüksəlməsində isə millimizin “əməyi danılmazdır”. İsveç yığması son turda məhz millimizi 6 dəfə məyus etməklə ümumi top fərqini 19-a çatdırıb və turnirin ən məhsuldar komandasına çevrilib.

O ki qaldı ən çox qol buraxanlara, Santuşun kollektivi bu sıralamada Avropanın “zirvəsindədir”. Millimiz keçirdiyi 6 matçda ümumilikdə 17 qol buraxıb ki, bu, ən “parlaq” göstəricidir. Yığmamızla birlikdə Bosniya və Herseqovina ən çox qol buraxan iki komandadan biridir.

Shares: