“Məğlubiyyə layiq deyildik. Üstün oyun sərgiləyirdik. Oyun bizim nəzarətimizdə idi. İlk və ikinci hissədə cəmi 10 dəqiqə boşluğumuz oldu ki, rəqib də bundan yararlandı. Amma qələbəyə layiq olduğumuzu düşünürəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi” – “Zirə” (2:1) oyunundan sonra “qartallar”ın futbolçusu Ceyhun Nuriyev deyib.

Yarımmüdafiəçi mövsümü ilk üçlükdə bitirməyi hədəflədiklərini söyləyib: “Son 3 oyundur məğlub oluruq. Hər uğurlu komandalarda belə qara zolaq, uğursuz dönəm olur. Keçən il də 2-ci yeri tutmağımıza rəğmən, 11-12 oyun məğlub olmuşduq.  İnşallah, səhvlərimizin üzərində işləyərək, bu durumdan çıxacağıq. Bu matçı unudub, dərs çıxarmalıyıq. Gələn tur “Sumqayıt”la qarşılaşacağıq. Yeni baş məşqçiləri var və çox istəklidirlər. Çətin oyun olacaq. Avrokuboklara getmək yolunda indidən qələbələr qazanmalıyıq. Bu dəqiqə elə bir vəziyyətdir ki, çempion olmalıyıq desəm, real olmaz. Hədəfimiz ilk üçlüyə düşməkdir. İldən-ilə çempionatımızın gedişatı çətinləşir. Bu mövsüm daha da çətin olacaq. Artıq “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, eləcə də “Neftçi” arxadan gələrək, yavaş-yavaş bu yolda bizə çətinlik yaradacaq. Amma biz də heç zəif deyilik, çox dişli komandayıq. Ona görə axıra qədər avrokuboka vəsiqə uğrunda mübarizə aparacağıq”.

Nuriyev milli komandanın D Liqasına düşməsinə də münasibət bildirib: “Çox üzücü bir şeydir ki, artıq D Liqasına düşdük. Bunu heç cür qəbul edə bilmərik. Bizim səviyyəmiz ora deyil. Düzdür, uğursuz çıxış etdik. Lakin bundan sonra daha çox çalışıb, daha çox istəməliyik. Meydanda hər şeyimizi ortaya qoymalıyıq ki, yenidən C Liqasına qayıdaq. Hətta ordan da ən azından B Liqasına getməliyik. Bizim hədəfimiz bu olmalıdır”.

GÜNAY SÜLEYMANOVA

Shares: