“Araz-Naxçıvan” “Qarabağ”ı narahat etməyə başlayıb. Nəticələrin sabitliyi, məğlubiyyətsiz oyunlar seriyası muxtar respublika təmsilçisinin israrla zirvəyə yönəlməsinə səbəb olub. Klub rəsmilər yalnız avrokuboka vəsiqə uğrunda mübarizə apardığını desə də, komandanın çempionluğu düşünməsi xeyli realdır.
Doğrudur, “Qarabağ”ın təcrübəsi, heyəti, imkanları bu sürprizə şərait yaratmamalıdır. Ağdamlılar da öz oyunlarını qələbə lə başa vuraraq fərqin azalmasına imkan vermir. Ehtiyatda bir oyunu olan “atlılar” rəqib ilə şəxsi dueldə də üstün olub. Lakin avrokubok oyunları komandadan xeyli güc alır və bu, naxçıvanlıları ümidləndirə bilər.
Əvəzində “Zirə”nin vəziyyəti hər ötən tur daha da pisləşir. Ardıcıl 3 məğlubyyət avrokuboklar mübarizəsində ciddi zərbə sayılmalıdır. Komandada eniş var, yayda parlaq oyun göstərən futbolçular formasından uzaqdır. Qışa qədər qalan turlarda Rəşad Sadıqov yetirmələrini toparlaya bilməsə, mövsümün ikinci yarısı daha çətin keçəcək.
“Neftçi” hələ də 8-ci pillədədir. Amma artıq autsayderlər qrupundan nisbətən uzaqlaşmaq mümkün olub. Ən əsası, bakılılar dünən bəlkə də mövsümdəki ən yaxşı oyununu sərgilədi. “Zirə” ilə görüşdə hesabı açan meydan sahibləri, ikinci hissədə qol buraxsa da, yenidən təşəbbüsü ələ almağı bacardı. Düzdür, qonaqlar böyük bir zaman ərzində daha üstün görünürdü, amma əvəzetmələrlə gedişatı dəyişmək mümkün oldu. “Neftçi”nin heyət zənginliyi işə yaradı. Tempi qorumaq mümkün olsa, tezlklə avrokubok zonasına düşmək mümkün olacaq. Çünki rəqiblər də sabit çıxış etmir.
Cavid Hüseynovun debütü də “Səbail”də heç nəy dəyişməyib. Düzdür, komanda indi müdafiədə daha etibarlı, kompakt çıxış edir. Əvəzində hücumda kəskinlik azalıb. “Qarabağ”la oyuna görə yeni baş məşqçinn işinə qiymət vermək olmur. Fakt isə odur ki, “dənizçilər” zirzəmidən çıxmağı bacarmır.
Eyni vəziyyət “Kəpəz” üçün də keçərlidir. Bir-iki ümidverici oyun baş tutsa da, reallıq odur ki, komanda son pillədədir. Azər Bağırovun gəlişindən sonra az qala bütün heyət dəyişilib, 7 transfer edilib. Bununla belə, komanda hələ də Premyer Liqanı tərk etməyə əsas namizəddir.
FƏRİD