Misli Premyer Liqasında mövsümün azarkeş rekordu qırılıb.

Futbolinfo.az saytının məlumatına görə, bu, 14-cü tura təsadüf edib. Baş tutan 5 oyunda tribunalara ümumilikdə 12 724 tamaşaçı toplaşıb. Bununla 9-cu turda qeydə alınan rekord (12 400) yenilənib.

Ümumiyyətlə, geridə qalan 14 turun yalnız 4-də ümumi azarkeş sayı 10 mini keçib. 5-ci turda 10 300, 7-ci turda isə 10 200 fanat matçları canlı izləyib.

14-cü turda rekordun qırılmasında “Səbail” azarkeşlərinin müstəsna rolu olub. “Turan Tovuz” və “Sumqayıt”ın hərəsinin 4500 fanat toplaması qeyri-adi hal deyil. Ancaq “Səbail”in “Qarabağ”la qarşılaşmasına 1900 nəfərin gəlməsi görünməmiş hadisədir. Çünki buna qədər “Səbail”in “ASCO Arena”dakı görüşlərinə cəmi bir dəfə 1000-dən çox azarkeş gəlmişdi ki, bu, 1200 fanat idi.

Shares: