Misli Premyer Liqasının 14-cü turunda qapılara ümumilikdə 15 qol vuruldu. Turnir cədvəlində liderlər qrupunda qərarlaşan “Qarabağ” və “Araz Naxçıvan” turu xal itkisi olmadan başa çatdırdılar. Əvəzində “Sabah”ın qələbəsizlik seriyası davam etdi. Tur Mikels qardaşlarının qol vurması, ancaq qələbə görməməsi ilə də diqqət çəkdi.
“Araz-Naxçıvan” 13 oyundur uduzmur
“Kəpəz”in qonağı olan “Araz-Naxçıvan” Tovuzdan 3 xalla qayıtmağı hədəfləmişdi. Ancaq öz növbəsində Gəncə təmsilçisi də bu görüşdən xal və ya xallarla ayrılmağı planlaşdırırdı. “Kəpəz”in baş məşqçisi Azər Bağırovun sabiq komandası ilə dueldə hansı nəticəyə imza atacağı maraq doğururdu.
Oyuna fəal başlayan qonaqlar ilk dəqiqələrdən üstünlüyü ələ aldılar. 20 dəqiqə ərzində “Araz-Naxçıvan” bir neçə təhlükəli hücum qursa da, rəqib qapısına yol tapa bilmədi. “Kəpəz”in ilk qol vəziyyəti isə 23-cü dəqiqəyə təsafüf etdi. Luis Paçunun yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alınsa da, Naxçıvan klubunun qapıçısı əla sıçrayışla qola imkan vermədi.
“Araz-Naxçıvan”ın bu epizoda cavabı isə qolla nəticələndi. Felipe Santos cərimə meydançası daxilindən sol ayağı ilə topu qapıdan keçirdi və Premyer Liqanın cari mövsümündə vurduğu qolların sayını 7-yə çatdıraraq bombardirlər cədvəlində vahid liderə çevrildi.
İkinci hissədə “Kəpəz” hesabı bərabərləşdirmək üçün irəli atıldı. Gəncəlilərin heyətində xüsusən Nicat Süleymanov fəallıq göstərirdi. O, bir neçə epizodda uzaq məsafədən zərbə vursa da, heç birində zərbəsi qolla nəticələnmədi.
“Kəpəz”in oyundan xalla ayrılmaq ümidinin üstündən 85-ci dəqiqədə xətt çəkildi. Ramon Maçadonun ötürməsindən sonra Bernardo Dias sol ayağı ilə topu saxlamadan qapıdan keçirdi. Bununla da “Araz-Naxçıvan”ın Misli Premyer Liqasında məğlubiyyətsizlik seriyası 13 oyuna çatdı.
Cavid Hüseynovun korlanan debütü
“Səbail” yeni baş məşqçisi Cavid Hüseynovun rəhbərliyi altında ilk sınağında “Qarabağ”la üz-üzə gəldi. Təbii ki, matçın favoriti Ağdam klubu sayılırdı və “köhlən atlılar” gözlənildiyi kimi, görüşdən 3 xalla ayrıldılar.
Halbuki ilk hissə “Qarabağ”ın istədiyi kimi alınmadı. Qonaqlar daha çox Aleksey Kaşukun yer aldığı sağ cinahdan hücumlar qursa da, Qurban Qurbanovun komandasının fasiləyədək cəhdləri heç bir fayda vermədi.
Ağdamlılar əvəzində ikinci hissəyə qolla başladılar. Benzianın uzun ötürməsindən sonra Kaşuk cərimə meydançasına daxil olaraq topu daha əlverişli mövqedə qərarlaşan Juninyonun önünə atdı. Braziliyalı forvard isə yaxın məsafədən toru silkələməkdə çətinlik çəkmədi.
Getdikcə təzyiqi artıran “Qarabağ” görüşün sonunadək daha 2 dəfə fərqləndi. Əvvəlcə Medinanın uzun ötürməsindən sonra Kaşuk bu dəfə özü dəqiq zərbə ilə adını tabloya yazdırdı. Matçda son nöqtəni isə oyuna sonradan daxil olan Leandro Andrade qoydu.
Beləliklə, Cavid Hüseynovun “Səbail”dəki debütü böyükhesablı məğlubiyyətlə yadda qaldı. “Qarabağ” isə bu qələbə sayəsində turnir cədvəlində liderliyini qorudu.
“Neftçi”nin ikinci qələbəsi
Turun ən maraqlı oyunlarından biri “Neftçi” ilə “Zirə” arasında keçirildi. Samir Abasov – Rəşad Sadıqov duelindən bu dəfə Abasov qalib ayrıldı.
Oyunda hesabı 28-ci dəqiqədə Filip Ozobiç açdı. Komandasının sərgilədiyi oyundan və nəticədən narazı qalan Rəşad Sadıqov fasilədə birdən-birə 3 dəyişikliyə əl atdı. O, Eldar Quliyev, Salifu Suma və Martins Juniorun əvəzinə Georgi Papunaşvili, Davit Volkov və Yusuf Lavalı meydana buraxdı.
Sadıqovun bu addımı çox keçmədi ki, bəhrəsini verdi. 51-ci dəqiqədə məhz oyuna sonradan daxil olan Volkovun ötürməsini İssa Cibrila dəqiq zərbə ilə qola çevirdi.
Sonrakı dəqiqələr də qarşılıqlı hücumlar şəraitində keçdi. 68-ci dəqiqədə “Neftçi” yenidən hesabda önə keçdi. Emil Səfərovun uzaq məsafədən zərbəsi qarşısında “Zirə”nin qapıçısı Aydın Bayramov aciz qaldı.
Qonaqların sonrakı dəqiqələrdə cəhdləri səmərə vermədi. “Zirə”nin son təhlükəli epizodu zamanı Ruan Renatonun zərbəsindən sonra top qapının yanından keçdi. Belə olan halda, hakimin final fiti “Neftçi”nin 2:1 hesablı qələbəsini rəsmiləşdirdi. Bu, “ağ-qaralar”ın Misli Premyer Liqasının cari mövsümündə 2-ci qələbəsi oldu.
“Sabah”ın qələbəsizlik seriyası 7-yə çatdı
Turnir cədvəlinin 3-cü və 5-ci pillələrində qərarlaşan “Turan Tovuz”la “Sabah”ın dueli də gərgin mübarizə vəd edirdi. İlk hissədə qonaqlarla müqayisədə meydan sahibləri daha istəkli görünürdülər. “Turan Tovuz”un heyətində Aleks Souza iki dəfə diqqət mərkəzinə düşsə də, hər ikisində braziliyalının fərqlənmək arzusu reallaşmadı.
Tovuz təmsilçisi ikinci hissəyə qolla başladı. 46-cı dəqiqədəcə Faiq Hacıyevin zərbəyəbənzər ötürməsini Otto Con dəqiq tamamladı. Ancaq meydan sahibləri bu üstünlüyü sonadək qoruyub saxlaya bilmədilər. 67-ci dəqiqədə oyunboyu fəallığı ilə seçilən Coy-Lens Mikelsin uzaq küncə başla zərbəsi dəqiq alındı. Bununla da “Sabah”ın heyətində ən məhsuldar futbolçu olan Mikels Bakı təmsilçisində vurduğu qolların sayını 40-a çatdırdı.
Qalan dəqiqələrdə də hər iki komandanın qol imkanları olsa da, hesab dəyişmədi və tərəflər meydandan hərəyə 1 xalla ayrıldılar. Bununla da “Sabah”ın Misli Premyer Liqasının cari mövsümündə qələbəsizlik seriyası 7-yə çatdı.
“Şamaxı” başladı, “Sumqayıt” bitirdi
“Sumqayıt”ın qonağı olan “Şamaxı” matça fəal başladı. Ayxan Abbasovun yetirmələri erkən qol vurmaq istəyirdilər. Epizodların birində meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov rəqibin gürcüstanlı futbolçusu Giorgi Kantariyanın qüvvətli zərbəsini dəf etdi.
Çox keçmədi ki, “Sumqayıt” oyunu bərabərləşdirə bildi. Epizodların birində Rezabalanın zərbəsi təhlükəli alınsa da, “Şamaxı”nın qolkiperi Rikardo Fernandes qapı tirinin də köməyi ilə hesabın açılmasına imkan vermədi.
Nəhayət, 25-ci dəqiqədə oyunda hesab açıldı və fərqlənən qonaqlar oldular. Leroy Mikels cərimə meydançasına daxil olar-olmaz əla zərbə ilə topu uzaq küncə göndərdi. Cənnətov topa toxunsa da, baxımlı qolu əngəlləyə bilmədi.
Hesabda geri düşən “Sumqayıt” ilk hissənin qalan dəqiqələrini hücumda keçirdi. “Şamaxı” bu təzyiq qarşısında çox tab gətirə bilmədi. Hissəyə əlavə olunmuş dəqiqədə oyunun ən yaxşılarından olan Rezabalanın sol ayağı ilə zərbəsi Fernandes üçün qarşısıalınmaz oldu.
İkinci hissənin əvvəlində “Şamaxı” yenidən hesabda önə keçmək üçün əla fürsət yaxaladı. Ancaq Mikels rəqib müdafiəçinin kobud səhvindən sonra topu ələ keçirsə də, zərbəsini Cənnətov dəf etməyi bacardı. Ümumiyyətlə, ikinci yarı da maraqlı mübarizə şəraitində keçdi. Tərəflər bir-birindən geri qalmamağa çalışır, növbə ilə təhlükəli hücumlar qururdular.
“Sumqayıt”da Roi Kehatın zərbəsi qapının üstündən keçdiyi halda, “Şamaxı”da Mikels rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda topu tora qovuşdura bilmədi. Cənnətov bu epizodda əla oynayaraq, komandasını real qoldan xilas etdi.
Matçın yekun nəticəsini müəyyənləşdirən qola “Sumqayıt”ın futbolçusu Rövlan Muradov imza atdı. Belə ki, əllə oyuna görə “Şamaxı”nın qapısına penalti təyin edildi. Topa yaxınlaşan Rövlan isə qapıçı ilə dueldən qalib ayrıldı.
Beləliklə, “Sumqayıt” komandası doğma şəhərinin 75 illiyinin qeyd olunduğu gündə vacib 3 xal qazandı. “Şamaxı” isə bu görüşdə rəqibi ilə başabaş mübarizə aparmasına baxmayaraq, səfərdən əliboş qayıtmalı oldu.
ABBAS