“Düzü, oyundan öncə bu matçın 250-ci oyunum olduğunu bilmirdim. Əlbəttə, qələbə ilə qeyd etmək gözəl olardı. Ancaq təəssüf ki, alınmadı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında çempionatda 250-ci oyununu keçirən “Sabah”ın futbolçusu Elvin Camalov deyib.
Yarımmüdafiəçi ötən gün “Turan Tovuz”a qarşı keçirdikləri oyun haqda da fikirlərini bölüşüb: “Hər oyuna olduğu kimi “Turan Tovuz”la matça da qələbə üçün çıxmışdıq. Qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik və yekunda meydandan 1:1 hesablı bərabərliklə ayrıldıq. Artıq bu oyunu unudub qarşıdakı matçlara köklənməliyik. Qarşıda isə bizi “Səbail” ilə matç gözləyir. Əlimizdən gələni edəcəyik ki, doğma meydanda azarkeçlərimizi qələbə ilə sevindirək”.
Qeyd edək ki, Premyer Liqada 2013/2014 mövsümündə debüt edən Elvin 250 oyunda 2 qol vurub.
GÜNAY SÜLEYMANOVA