Hadisələri qabaqlamayaq və Vasili Berzutskiyə uğur arzulayaq. Bəlkə “Sabah” həqiqətən də ən doğru seçimi edib, klubun illərdir xərclədiyi böyük pulların qarşılığını elə rusiyalı məşqçi verəcək?

Doğrusu, ciddi məşqçi təcrübəsi olmayan, baş məşqçi kimi Azərbaycanda debüt edəcək sabiq müdafiəçi ilə bağlı müsbət proqnoz vermək risklidir. Bircə ona ümid edək ki, Masazır klubunun rəhbərliyi seçim edərkən Berezutskini ciddi araşdırıb, onun iş metodlarından xəbərdardır və bu şəxs həqiqətən də əvvəlki iş yerlərində sadəcə, baş məşqçilərin kölgəsində qalıb. Ümid edək, inanmaq vacib deyil… Təyinata imza atanlar yəqin ki, bu riski gözə alıb.

Hadisələrin gedişi göstərdi ki, Berezutski ilə danışıqlar çoxdan başlayıbmış. Elə olmasaydı, Krunoslav Renduliç istefa verəndən bir neçə saat sonra Vasili kameralar qarşısına çıxmazdı. Noyabrın 24-də “Sabah”  Tovuzda ardıcıl 7-ci qələbəsiz oyunu keçirdi, ertəsi istefa və təyinat reallaşdı. Əcəba, komanda qələbə qazansaydı, necə olacaqdı?

Renduliçin qovulması lazım olduğunu aylardır biz özümüz də yazırıq. Konfrans Liqasındakı uğursuzluq məhz onun günahları üzündən reallaşdı. Üstəlik, komanda zəngin heyətə, yaradılan hər cür şəraitə rəğmən, Premyer Liqada yeni mövsümə çox bərbad başlayıb. Bunları nəzərə alsaq, “Sabah” rəhbərliyinin hətta xeyli yubandığını deyə bilərik. Amma Berezutski… Xeyli riskli təyinatdır.

Vasilinin “Sabah”ın baş məşqçisi kimi təqdim edilməsi Rusiya mətbuatında yazılan xəbərlərin də yalan yox, yanlış olduğunu göstərdi. Qonşu ölkədən olan həmkarlarımız onun və daha iki məşqçinin “Turan Tovuz”da peyda olacağını yazmışdı. Kurban Berdıyevin rəhbərliklə anlaşa bilməməsi də elə Azərbaycan haqda dolğun bilginin olmamasının və ya informasiyadakı detal xətalarının nəticəsi idi.

Görünür, həmkarlarımızı matçın Tovuzda keçirilməsi aldadıb. Qərb bölgəsindəki matçdan sonra məşqçi haqqında qərar verilib, lakin söhbətin hansı komandadan getdiyi dəqiqləşdirilməyib, daha səs-küylü ad olan Berdıyevin üzərində dayanılıb.

Berdıyevdən söz düşmüşkən, Berezutski son illər ölkəmizə gələn 3-cü rusiyalıdır. Murad Musayev “Sabah”da yaxşı işlə yadda qaldı, Berdıyevin nəticələri göz önündədir. Berezutskiyə gəlincə, o, təkcə rusiyalı deyil, özbək əsilli Musayevdən, türkmən Berdıyevdən fərqli olaraq, Moskvada doğulmuş əsl rusdur.

FƏRİD

Shares: