Vasili Berzutskinin “Sabah”ın baş məşqçi postuna təyinatı Rusiyada maraqla qarşılanıb. Bir çox mütəxəssis bu keçid barədə danışıb.
Vaxtilə “Qəbələ”ni baş məşqçisi olmuş Yuri Syomin xəbərdarlıq etməyi də lazım bilib: “Vasiliyə uğurlar arzulayıram. Hər bir liqa özünə xas tərzdə çətindir. Orada aşkar lider “Qarabağ” var. Bu komanda çox yaxşı komplektləşib və beynəlxalq arenada çıxış edir. Həmçinin “Neftçi” var. Orada rəqiblər ciddidir, futbol isə inkişaf edir. Berezutski böyük peşəkar perspektivlər vəd edən yaxşı əhatəyə düşəcək. Yəqin ki, Vasiliyə maraqlı olacaq. Bu, çox səviyyəli və ciddi çempionatdır. Çox yaxşıdır ki, sabiq futbolçu məşqçi olub. Futbolçu keçmişi Vasiliyə kömək edəcək”.
Valeri Nepomnyaşi bu təyinatı Berezutskinin sonradan Rusiyada işləməsi üçün tramplin sayır: “Ümid edirəm ki, o, “Sabah”da uğur qazanar. Azərbaycanda hər şey sadə deyil. Lakin orda rus dili üstünlük təşkil edir və bu, onun üçün yaxşıdır. “Sabah”ı yaxşı tanımıram, ancaq Vasilinin artıq kifayət qədər təcrübəsi var. O, yəqin ki, Azərbaycandan sonra Rusiyada top klublardan birinə rəhbərlik edə biləcək”.