Avropa Liqasının 4-cü turunda səfərdə “Bodo Qlimt”i məğlub etməsəydi, “Qarabağ”ın “Olimpik” qarşısında şanslarından bir qədər bədbinliklə danışacaqdıq. Rəqibin gücünü nəzərə alsaq, qələbə üzünə həsrət qalan komandamızən psixoloji cəhətdən bu görüşə köklənməi çətin olacaqdı.
Amma Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv psixoloji baryeri aşa bildi. Belə vəziyyətdə “Olimpik”i məğlub etmək mümkünsüz deyil. Doğrudur, “Qarabağ” 2 il əvvəl Lion klubunun adaşına Konfrans Liqasında hər iki oyunda uduzmuşdu – 1:3 və 0:3. Marsel təmsilçisi ilə müqayisədə bu komanda elə də qorxulu görünmür. Heyət amilinə görə lionlular daha güclü sayılmalıdır. Ancaq hazırda maliyyə problemləri ilə üzləşən bu komandanın “başının üstünü qara buludlar” alıb. Hətta yayılan xəbərlərə görə, mövsümün sonuna qədər borclarını ödəyə bilməsə, “aslanlar” aşağı liqaya göndəriləcək.
Düzdür, bu, komandanın nəticələrinə o qədər də mənfi təsir göstərmir. Hazırda 12 turdan sonra 5 qələbə, 4 heç-heçə və 3 məğlubiyyətlə yadda qalan Pyer Saqenin komandası 19 xalla 6-cı sırada qərarlaşıb. Bir vaxtlar ardıcıl 7 çempionluqla Fransa çempionatında diktatura formalaşdıran “Olimpik” üçün indiki nəticələr heç də ürəkaçan olmasa da, ötən mövsümün əvvəli ilə müqayisədə daha yaxşı vəziyyətdədilər. Ötən il bu vaxtlar autsayder olan komanda sonradan sürət yığaraq Avropa Liqasına vəsiqə qazandı.
Maliyyə problemlərini nəzərə alsaq, belə desək, papaqlarını göyə ata bilərlər. Əfsanəvi prezident Jan Mişel Olyanın geri çəkilməsi ilə klubun səhmlərini ələ keçirən amerikalı iş adamı Con Tekstor “yağlı əlini onların başına çəkə bilmədi”. 36 illik Olya dövründə sonra hazırda “Olimpik” “OL, YA öl” arasında qalıb.
Fransa klubunun nəinki keçmişinə, hətta indiki vəziyyətinə də hamımız yaxşı bələdik. Bu komanda “Bodo Qlimt” deyil ki, çıxış etdiyi Norveç çempionatından xəbərimiz olmasın. Liqa 1 gözümüz qarşısında “böyüyən” çempionatdır. Bəs, bu komanda oyun planında “Qarabağ”a hansı çətinliklər yarada bilər?
Bəri başdan qeyd edək ki. Saqe əsasən 4-3-3 taktiki düzülüşünə üstünlük verir. “Olimpik”in oyunu hücum yönümlü və kreativ futbol üzərində qurulub. Komandanın oyun strategiyası, əsasən, topa nəzarət etmək, cinah oyunlarını gücləndirmək və fərdi ustalıqları ilə rəqib müdafiəsini sarsıtmaq üzərində dayanır. Bu zəif cəhətləri diqqətlə təhlil edərək “Qarabağ” öz strategiyalarını buna uyğun şəkildə hazırlaya bilər.
Lion klubu hücum zamanı cinah müdafiəçilərini tez-tez irəli göndərir. Bu, müdafiədə boşluqlara səbəb olur. Xüsusilə sürətli rəqib hücumçular boşluqlardan istifadə edərək təhlükəli vəziyyətlər yarada bilər. Komandanın mərkəz müdafiəçiləri oyun qurmağa çalışır, lakin pressinq altında səhvə yol verə bilirlər. Bu cür vəziyyətlər rəqib komandalar üçün qol şansı yarada bilər. Kakare və Tolisso kimi oyunçular pressinq altında bəzən başlarını itirir. Orta sahədə yüksək pressinq tətbiq edən komandalar “aslanlar”ın topa nəzarətini azalda bilər. Bununla yanaşı, Nikolas Talyafiko və Enzli Meytlend-Nayls hücuma çox meyillidir, bu da arxalarında böyük boşluqlar yaradır. “Qarabağ”ın cinah hücumçuları boşluqlardan istifadə edərək sürətli əks-hücumlar təşkil edə bilər.
“Olimpik”in müdafiə xətti standart vəziyyətlər zamanı bəzən mövqe səhvləri edir. “Qarabağ” bundan istifadə etməlidir. Konkret bəzi oyunçuların özəlliklərinə gəlincə, hücum xəttinin lideri olan Aleksandr Lakazettə diqqət ayırmaq lazımdır. “Arsenal”ın sabiq hücumçusunu tanıtmağa ehtiyac yoxdur. Onun bitiricilik qabiliyyəti çox yüksəkdir. Cərimə meydançasında mövqe seçimi və bir toxunuşla qol vurmaqda fransalı hücumçunun tayı-bərabəri yoxdur. O, liderlik xüsusiyyətləri ilə həm də gənc oyunçulara dəstək olur. Amma Lakazett bəzən təzyiq altında səmərəliliyini itirir və sürət baxımından gənc oyunçulardan bir qədər geri qalır.
Aleksandrı istənilən anda Gürcüstan yığmasının forvardı George Mikautadze də əvəzləyə bilər. Avropa çempionatının bombardirlərindən olan bu hücumçunun potensialına yaxşı bələdik. “Vest Hem”dən tanıdığımız əlcəzairli Səid Benrahma “Qarabağ”ın sol cinahını oyun boyunca təzyiq altında saxlayacaq. Sol cinahda isə tez-tez dəyişikliklər olur. Bəzən Gift Orban, bəzən Ernest Nuama, bəzən də Rayan Şerki bu mövqeyə keçir. Hələ “Qalatasaray”dan tanıdığımız Vilfrid Zahanı da unutmamalıyıq. Hərçənd ona çox da güvənilmir.
Əsas ulduz olan Şerkinin üstündən ötüb keçə bilmərik. 21 yaşlı futbolçu texniki ustalığı və fərdi bacarıqları ilə seçilir. Onun rəqib müdafiəsini yarıb keçmək üçün driblinq qabiliyyəti yüksəkdir. Standart vəziyyətlərdə belə bəzən təhlükəli ötürmələr edir.
“Olimpik”in yarımmüdafiə xətti haqda yuxarıda danışdıq. Amma onların zəif cəhətlərini qabartdıq. Buna baxmayaraq, Nemanya Matiç və Korentin Tolisso kimi vaxtilə Avropa nəhənglərinin heyətində top qovan futbolçular təcrübələri sayəsində “aslanlar”ın yükünü daşıya bilirlər. Mərkəz müdafiəçilərinə gəlincə, Seneqal millisinin üzvü Mussa Niakate və Xorvatiya millisinə dəvət alan Due Kaleta-Çar da istənilən komandanın yaraşığına çevrilə bilər. Amma onların yarımmüdafiə ilə əlaqələrini kəsə bilsək, keçilməz deyillər. Hər halda, “Beşiktaş” onları səfərdə məğlub etməklə belə desək, “iç üzlərini açdı”. Sadəcə, problem ondadır ki, hazırda əla formadadırlar. Təsadüfi deyil ki, son 11 oyunda yalnız bir dəfə məğlubiyyət acısı yaşayıblar ki, o da məhz İstanbul klubu ilə oyunda qeydə alınıb. Bu müddət ərzində 6 oyunda qalib gəliblər. Onların son 5 oyunun 4-də heç-heçə oynamasını ümid işığı saya bilərik.
Bütün turnirlərdə mövsüm ərzində səfərdə yalnız 1 dəfə uduzublar, o da Fransa çempionatının ilk turunda “Renn”lə oyuna təsadüf edib. Hazırda bu turnirdə qazandıqları 7 xaldan 4-nü rəqib meydanında əldə ediblər. Qlazqoda “Reyncers”i 4:1 hesabı ilə məğlub etmək əla, “Hoffenhaym”la 2:2 hesabı ilə heç-heçə oynamaq yaxşı nəticədir. Amma biz “Qarabağ”a inanırıq. Oktyabrın 20-dən bəri cəmi 1 qələbəsi olan komandadan ən azı 1 xal almaq mümkündür! “Qarabağ” ötən il elə bu vaxtlar Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edən komandadır.
Azərbaycan – Fransa klubları arasında rəqabət
1. 18.09.2014. Bakı. UEFA Avropa Liqası, qrup mərhələsi. Qarabağ – Sent-Etyen 0:0
2. 27.11.2014. Sent-Etyen. UEFA Avropa Liqası, qrup mərhələsi. Sent-Etyen – Qarabağ 1:1
3. 22.10.2015. Monako. UEFA Avropa Liqası, qrup mərhələsi. Monako – Qarabağ 1:0
4. 05.11.2015. Bakı. UEFA Avropa Liqası, qrup mərhələsi. Qarabağ – Monako 1:1
5. 28.07.2016. Lill. UEFA Avropa Liqası, təsnifat mərhələsi. Lill – Qəbələ 1:1
6. 04.08.2016. Bakı. UEFA Avropa Liqası, təsnifat mərhələsi. Qəbələ – Lil 1:0
7. 20.10.2016. Sent-Etyen. UEFA Avropa Liqası, qrup mərhələsi. Sent-Etyen – Qəbələ 1:0
8. 03.11.2016. Bakı. UEFA Avropa Liqası, qrup mərhələsi. Qəbələ – Sent-Etyen 1:2
9. 17.02.2022 Marsel. UEFA Konfrans Liqası, keçid pley-off mərhələsi. Olimpik Marsel – Qarabağ 3:1
10. 24.02.2022. Bakı. UEFA Konfrans Liqası, keçid pley-off mərhələsi. Qarabağ – Olimpik Marsel 0:3
11. 15.09.2022. Bakı. UEFA Avropa Liqası, qrup mərhələsi. Qarabağ – Nant 3:0
12. 24.09.2022. Nant. UEFA Avropa Liqası, qrup mərhələsi. Nant – Qarabağ 2:1
FƏRİD