AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 14-cü turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, əsas cərimələr “Səbail” – “Qarabağ” matçındakı neqativ hallara görə kəsilib.
4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib. 62-ci dəqiqədə azarkeşləri tərəfindən lazer işıqdan istifadə edilən “Səbail” 500 manat cəriməyə məruz qalıb. Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması bakılıları daha 800 manat ziyana salıb.
“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğundan, birincilər 800 manat cərimələnib.
“Turan Tovuz”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.
“Sumqayıt” – “Şamaxı” görüşünün 78-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb ki, bu, “Sumqayıt”a 800 manat bahasına başa gəlib.