“Bu komanda ilə üz-üzə gəlmək mənim üçün xüsusidir”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzya Avropa Liqasında Fransanın “Olimpik” (Lion) klubuna qarşı keçirəcəkləri matçla bağlı “Leprogres”ə müsahibəsində deyib.
30 yaşlı yarımmüdafiəçi sabiq komandasını daim izlədiyini bildirib:
“Olimpik”ə ən yaxşısını arzulayıram. Amma cümə axşamı yox”.
Benzya Azərbaycan çempionunun Avropada böyük klublara qarşı mübarizə apardığını vurğulayıb:
“Liqa mərhələsinin püşkatması zamanı televizor qarşısında idim və bizə Fransa təmsilçisinin rəqib olmasını istəyirdim. “Lion”la qarşılaşmaq isə yaxşı oldu. Mən futbolçular Korenten Tolisso, Aleksandr Lyakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm”.
Yassin Benzia 2011-2015-ci illər aralığında “Olimpik”in formasını geyinib.
Avroliqanın Liqa mərhələsinin 5-ci turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Olimpik” oyunu saat 21:45-də start götürəcək.