“Beşiktaş”ın UEFA Avropa Liqasının Liqa mərhələsində İsrail klubu “Makkabi” (Təl-Əviv) ilə ev oyununun Macarıstana salınması Türkiyədə narazılığa yol açıb.

Futbolinfo.az xəbər verir ki, qardaş ölkə futbol ictimaiyyəti UEFA-nın bu qərarını yanlış hesab edir.

Yerli KİV hətta qarşıdan gələn DÇ-2026-nın seçmə mərhələsi öncəsi qitə futbol qurumuna təklif də edib. Türkiyə tərəfi UEFA-ya Azərbaycan nümunəsini göstərib: “Makkabi” ilə görüşün neytral meydanda keçirilməsi “Beşiktaş”ın ciddi üstünlüyünü əlindən alır. Əgər UEFA Türkiyə və İsrail komandalarının üz-üzə gəlməsini istəmirsə, o zaman püşk zamanı bunu nəzər alsın. Məsələn, Belarusla Ukrayna, Cəbəllütariqlə İspaniya, Kosovo ilə Bosniya və Herseqovina, Kosovo ilə Serbiya, Azərbaycan ilə Ermənistan təmsilçiləri də futbol arenalarında qarşılaşmırlar. UEFA İsrail komandalarının da Türkiyəyə yollanmasını istəmirsə, o zaman qarşıdan gələn DÇ-2026-nın püşkü zamanı onları eyni qrupa salmasın”.

Qeyd edəki, dünya çempionatının seçmə mərhələsinin püşkü dekabrın 13-də atılacaq.

Shares: