“Hazırda turnir cədvəlində ilk pillədəyik. Şükür ki, ciddi problemimiz yoxdur. Düzdür, bəzi futbolçular xəstədir, zədəli olanlar var. “Qəbələ” ilə matça onları da tam hazırlamağa çalışacağıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında I Liqanın lideri olan “Karvan”ın baş məşqçisi Kənan Kərimov deyib.
Təcrübəli mütəxəssis növbəti turda əsas rəqibləri olan “Qəbələ” ilə matçın gərgin keçəcəyini bildirib: “Uşaqlarımız “Qəbələ” ilə oyuna yüksək əhval-ruhiyyə ilə hazırlaşırlar. Nə qədər əhəmiyyətli matç olduğunu bilirlər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma olacaq. Rəqibi evdə qəbul etdiyimiz üçün üstünlük biz tərəfdədir. Çünki azarkeşlərimizə çox güvənirik. Onlar bizə bu əhəmiyyətli oyunda lazimi qədər dəstək olacaq. Turnir cədvəlindəki mövqeyimizi itirmək istəmirik. Əzmkar mübarizə apararaq, layiqli qələbə qazanacağımıza inanıram. Hazırda komanda buna köklənib. İnşallah, futbolçularım əsl əzmkarlıq nümayiş etdirərək, qələbə qazanacaqlar”.
GÜNAY SÜLEYMANOVA