“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Fransanın “Olimpik” (Lion) klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia klubun saytına bu oyunla bağlı açıqlama verib.
Əlcəzairli yarımmüdafiəçi peşəkar karyerasına başladığı, 2011-15-ci illərdə formasını geyindiyi kluba qarşı oynamağa xüsusi önəm verdiyini bildirib: “Mənim üçün “Olimpik Lion”a qarşı oynamaq çox xüsusi hissdir. Ona görə də bu oyun böyük əhəmiyyət daşıyır. Mən belə oyunları xoşlayıram. Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərimizdən birinin “Olimpik” olduğunu biləndən bu anı səbirsizliklə gözləyirəm. Mən Lion klubunun futbol akademiyasından çox şey öyrəndim. Bu, dünyanın ən yaxşı akademiyalarından biridir. Orada qazandığım biliklər üçün hər zaman kluba minnətdar olacağam”.
Daha sonra “Lill” və “Dijon”da da forma geyinmiş Benzia Əlcəzair millisini seçənə qədər Fransanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində çıxış etdiyi üçün bu ölkənin futboluna yaxşı bələddir: “Fransa futbolunu çox yaxşı tanıyıram. Komandamın bu oyunda qələbə qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Lion klubuna qarşı matç bizim üçün çox vacib oyundur. Hazırda burada oynayıram və “Qarabağ”ı təmsil etdiyim üçün qürur duyuram. “Olimpik” çox yaxşı heyətə malikdir. Amma biz doğma azarkeşlərimiz önündə oynayırıq. Bizim də güclü komandamız var. Futbolda heç vaxt nə olacağını öncədən bilmək olmaz. Lakin bildiyimiz odur ki, bu oyunda 100 faiz gücümüzü ortaya qoyacağıq”.