“Şamaxı” əsas heyət oyunçularından birini cəzalandırıb. Bölgə klubu İlkin Muradovu heyətdən uzaqlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, mövsümün sonunadək müqaviləsi olan yarımmüdafiəçi qış fasiləsində zöünə yeni klub tapması üçün indidən qovulub. Klubun hələ açıqlama verməməsinin səbəbi İlkinlə anlaşmanın pozulmasının rəsmiləşməməsidir. Amma baş məşqçi Ayxan Abbasov heyətdəki çatışmazlıqlara baxmayaraq, Muradovun göndərilməsi barədə qərar verib və geridönüş olmayacaq.
Vidanın səbəbi futbolçunun intizamsız davranışları və son vaxtlar dəfələrlə klubdaxili ab-havanı pozmasıdır. “Sumqayıt”la son matçda (1:2) məğlubiyyət gətirən penaltiyə səbəbkar olan İlkin komanda yoldaşları ilə də qalmaqal yaşayıb. Olayların təkrarlanması üzündən ona vida edilib.
Muradov mətbuata bu barədə danışmaq istəmir. O, müraciətlərimizi cavabsız qoymağı lazım bildi.