Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Həmilton reaktiv hərbi təyyarənin göyərtəsində uçuşda iştirak edib. O, bəzi anlarda hətta astronavtların uçuş hazırlığı proqramı zamanı təyyarəni idarə də edib. Bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb.
Həmiltonun “Inspiration 4” və “Polaris Dawn” kommersiya kosmos uçuşlarına ekipajları hazırlamaq üçün istifadə edilən uçuş təlimində iştirakı bildirilir. Təlim günü ərzində 39 yaşlı Həmiltonu “Dubai DREAM” qeyri-kommersiya təhsil təşkilatının tələbələri müşayiət edib.
Xatırladaq ki, bir müddət əvvəl “Ferrari” pilotu Şarl Lekler də Fransa Hərbi Hava Qüvvələrinin “Rafale” reaktiv qırıcısının göyərtəsində uçuşda iştirak etmişdi. O, doğma vətəni Monako knyazlığının üzərindən uçmuşdu.