Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun futbolinfo.az saytına müsahibəsi
- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 4 oyundan sonra 3 xala malikdir. Çempionumuzun bunaqədərki çıxışı barədə nə deyə bilərsiniz?
- Bəli, komandamız bugünədək Liqa mərhələsində 4 oyun keçirib və bu görüşlərin hamısında rəqiblərinə qarşı inamlı, yaxşı oyun göstərib, heç birindən qol vəziyyətləri və taktika baxımından geri qalmayıb. Bu gün “Qarabağ” Azərbaycan klublarının ən yaxşısıdır. Təmsilçimiz oyun baxımından Avropada, demək olar ki, heç bir komandaya uduzmur. Hətta deyərdim ki, sürət, taktika və texnika tərəfdən, bəlkə də, çoxundan güclü görünür. Belə bir futbol klubumuzun olması Azərbaycan üçün fəxrdir.
- Liqa mərhələsində növbəti matç sabah “Lion”a qarşı olacaq. Fransa klubunu Bakıdan əliboş yola sala biləcəyik?
- “Lion”la oyun bizim üçün çox vacibdir. Bu matçda da qələbə qazana bilsək, komanda özünə daha çox inanacaq. Əsas qol vəziyyətlərindən istifadə edə bilməkdir. “Qarabağ” hər oyunda çoxlu qol vəziyyəti yaradır. Amma bu imkanlardan az yararlanırıq. İnanıram ki, “Qarabağ” “Lion”a da qalib gələ biləcək gücdədir.
- Sabahkı görüşdə “Qarabağ”ın heyətində əsas kimdən qol gözləyirsiniz?
- Kimin qol vurması o qədər də vacib deyil. Əsas odur ki, “Qarabağ” qələbə çalsın və xallarının sayını artırsın. Komandamızda qol vura bilən futbolçu çoxdur. İlk növbədə, Abdullah Zubir, Yassin Benzia, Leandro Andrade və Olavio Juninyonu qeyd edərdim. Son vaxtlar Patrik Andrade də yaxşı təsir bağışlayır.
- Hazırkı “Qarabağ”ın hansı mövqeyində problem hiss olunur?
- Məni “Qarabağ”da narahat edən yeganə məqam müdafiə xəttidir. Əsasən də mərkəz müdafiəçilərinin oyununa görə narahatam. Bu mövqedə boşluqlar görünür. Öz səhvlərimizdən qollar buraxırıq. Amma bu problemi aradan qaldırmaq olar.
- Sizcə, “Qarabağ” Avropa Liqasında pley-offa çıxa biləcək?
- Fikrimcə, Liqa mərhələsində qalan oyunların çoxunda qalib gələ bilərik. Sadəcə, müdafiədə düzgün və diqqətli oynamalıyıq. Əlbəttə ki, rəqiblərimiz elə-belə komandalar deyillər. Hamısı güclü rəqiblərdir, bunun da təsiri var. Amma mərkəz müdafiəçilərinin çıxışından çox şey asılıdır. Onlar səhvlər etməsələr, növbəti oyunlarda qələbə qazanmaq mümkündür. Hamımız “Qarabağ”ın xal ehtiyatını artırmasını və pley-offa çıxmasını istəyirik.