İdman psixologiyası həvəskar və ya peşəkar idmançılarla diaqnostik, terapevtik və profilaktik qaydada işləmə metodlarını aşılayır. Onun əsas məqsədi idmançılarda düzgün motivasiyanın və münbit emosional mühitin yaradılmasıdır. Yəni, idman psixoloqları müxtəlif psixoloji faktorların idmançıların məşqlərinə, nəticələrinə və fiziki aktivliklərinə necə təsir etdiyini müəyyənləşdirirlər.
İlham Məmmədov (Gəncə Dövlət Universitetinin müəllimi): “Ümumiyyətlə, idman psixologiyası, hərbi psixologiya bütün dünyada 20-ci əsrdə yaranıb. Bu da onunla bağlıdır ki, beynəlxalq yarışlar çoxalıb. Ona görə də bu sahəyə diqqət ayrılmağa başlanıb. İdman psixologiyası idmançıların psixoloji durumunu, yarışdan əvvəl yarışa hazırlığı, idmançının idman prosesində keçirdiyi stresslər, onların funksional vəziyyəti və s. bu kimi problemlərlə məşğul olur və idmançıları adətən yarışlara hazırlamaq işi ilə məşğuldur. Bizim idman akademiyasında idman psixologiyası üzrə mütəxəssislərimiz var. Onlar müxtəlif dərsliklər yazırlar”.
Uzun müddət idmançının psixoloqu rolunu elə öz məşqçiləri oynayıb. Elə indi də idmanla məşğul olanların ilkin diaqnostikasını əsasən məşqçilər keçirir. Təcrübəli məşqçi yetirməsinin əhval-ruhiyyəsini daim diqqət mərkəzində saxlamalıdır.
Naib Balaşov (məşqçi): “İdmançılarla psixoloji danışıqlar çox önəmlidir. Onlarda ruh yüksəkliyi olsun, yarışda özlərini tam hazır hiss etsinlər deyə bu iş aparılmalıdır. Bununla bağlı məşq zamanı dəfələrlə xüsusi zaman ayırır, idmançılarımızla söhbət aparırıq. Elə vaxt olur ki, valideynlərlə əlaqə saxlayırıq, müzakirələr aparırıq ki, uşaqların psixoloji durumlarına nəzarət etsinlər, onlara motivasiya versinlər. İdmançılar tez küsən olurlar. Yarışqabağı o qədər əziyyətlərdən keçirlər. Çəki atan idmançılar olur. Onlar üçün hər şey daha ağır olur. Onlar psixoloji olaraq tez hövsələdən çıxırlar, daima stressdə olurlar”.
Bəs, bu cür hallarda məşqçi hansı üsullara əl atır? İdmançının potensialının tam üzə çıxması üçün nələri edirlər?
Naib Balaşov (məşqçi): “Elə idmançı var ki, potensialı çox böyükdür, yaxşı döyüşçüdür. Sadəcə, psixoloji cəhətdən hazır olmur. Yarış ərəfəsində çox stres yaşayırlarr. Mən onunla çoxlu psixoloji söhbətlər aparıram. Elə olur ki, bəzən məşqləri də dayandırıram. Ancaq onlarla motivasiya artıran söhbətlər edirəm ki, əsas potensial gücü ortaya çıxaraq. İdmançıya həqiqətən güclü və bacarıqlı olduğunu hiss etdirirəm. Onun yenilməz idmançı olduğunu, sadəcə, bu potensialını istifadə etmək üçün tatamiyə çıxanda həyacanlandığını deyirəm, düzgün yönəldirəm”.
İdmançının psixoloji durumunu təhlil etmək, məlumat toplamaq, hər idmançının fərdi inkişaf yolunu müəyyənləşdirmək, çətinlikləri aşmaq üçün düzgün psixoloji tənzimləmələr etmək və s. – bunlar hamısı idman psixoloqlarının və məşqçilərin işidir. Bəs idmançılar stress atmaq üçün, qələbəyə köklənmək üçün nə edirlər?
Mübariz Həsənov (peşəkar idmançı): “Bu nailiyyətləri əldə etmək üçün qarşıma məqsəd, prinsip qoydum və bu prinsiplə gedirəm. Yəni məşqlərə davam etmək üçün özümdə məhsuliyyət hiss edirəm ki, bu məşqləri davam etdirim, nəticə verim. Cavan kadrlara da nümunə olmağa çalışıram. İdman həm də ritmdir. Musiqidən istifadə edirik, musiqi bizə idmanda kömək edir. İdmançı və ya başqa dostlarımızla yığılıb, stress atmaq üçün kafelərdə və ya başqa uyğun yerlərdə, açıq havada birgə qrup halında vaxt keçiririk. Ümumiyətlə, idmanda zədələrdən bərpa prosesinə sərf olunan zamann da stresli bir müddətdir. Bundan ötrü ilk növbədə psixoloji cəhəddən güclü olmaq lazımdır. Yəni psixoloji cəhəddən özünü hazırlamalısan. Buradan bütün idmançılara səslənirəm: zədə aldıqları zaman evdə oturmasınlar. Çünki bu, onları ikiqat geriyə salır. Bacardıqları qədər zallara getsinlər. Məşq etməsələr də, kənardan o zala baxıb mental olaraq həmişə hazır qalsınlar”.
Dünyanın bir çox ölkəsində idman psixologiyası üzrə seminarlar təşkil olunur. Məşqlərdə istifadə olunan psixoloji metodları yaxşılaşdırmaq və inkişaf etdirmək üçün mütəxəssislər əlavə proqramlar mənimsəyirlər. Çünki idmançının fiziki göstəriciləri ilə bərabər onun psixoloji durumu həlledici faktorlardan biri hesab edilir.
BƏHRUZ MUSAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu