“Səbail” klubunun futbolçusu Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 14-cü turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzdunuz. Oyunla bağlı nə deyə bilərsiniz?
– Səviyyəli komandaya qarşı oynadıq. Əlimizdən gələni etdik, yaxşı mübarizə aparmağa çalışdıq. Amma sonluq istədiyimiz kimi alınmadı. “Qarabağ” səhvləri bağışlamadığını göstərdi.
– Bu görüş yeni baş məşqçiniz Cavid Hüseynovun “Səbail”də debüt matçı idi. Məğlubiyyətə görə Hüseynov oyundan sonra paltardəyişmə otağında nə dedi?
– İstəyirdik ki, yeni baş məşqçimizin rəhbərliyi altında çıxdığımız ilk oyunda ən azı uduzmayaq. Ancaq bu, futboldur, hər şey olur. Artıq gələcəyə baxmalı, diqqətimizi növbəti matçlara yönəltməliyik.
– “Səbail”ə komandanın sabiq çalışdırıcısı Şahin Diniyevin istəyi ilə cəlb olunmuşdunuz. Baş məşqçi dəyişikliyi şəxsi oyununuza, komandadakı rolunuza necə təsir edəcək?
– Hər komandada bu proses baş verə bilər. Baş məşqçi nə tələb edirsə, onu həyata keçirməyə çalışacağam.
– “Qarabağ”la matçda meydana 71-ci dəqiqədə daxil oldunuz. İlk “11-lik”də yer almamağınız nə ilə bağlı idi?
– “Kəpəz”lə görüşdə zədələnmişdim. Bu səbəbdən uzun müddət komanda ilə məşq etməmişdim. Zədəmi tam bərpa etmək, hazır duruma gəlmək üçün əlimdən gələni edirəm.
– Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Rəqib 7 oyundur qələbə qazana bilmir. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Hər iki komanda üçün bu oyunda nəticə vacibdir. Bizi çətin səfər matçı gözləyir. Buna baxmayaraq, istəyimiz meydanı sərfəli nəticə ilə tərk etməkdir.
– Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmısınız. Hazırkı mövqeyiniz futbolçuların üzərində əlavə təzyiq yaradırmı?
– Əlbəttə, son pillələrdə qərarlaşmağı heç kim istəməz. Lakin bu durumdan çıxmaq üçün yaxşı heyətimiz var. İnşallah, tezliklə vəziyyəti lehimizə dəyişərik.
– “Səbail” cari mövsümü neçənci pillədə bitirmək gücündədir?
– Komanda yuxarı pillələrə qalxmağı bacaracaq gücdədir. Zamanla bunu tam aydın görəcəyik.
FƏRİD