“Məncə, yüksək keyfiyyətli oyun olacaq. Çünki “Olimpik”in heyətində ulduz futbolçular çoxdur. Sözün düzü, bu oyunçuların hamısının Bakıda iştirak edib-etməyəcəklərini bilmirəm. Amma məncə, lionlular bura zəif heyətlə gəlməz”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın Fransa klubu ilə matçdakı şanslarını dəyərləndirib: “Qarabağ”ın şansları var. Hətta qələbə də qazana bilərlər. Çünki rəqibin son matçlarını izləmişəm. Hücum xəttinə baxanda görürük ki, daha dominant oynamağa çalışırlar. Topa sahib olmaq onlar üçün vacib amildir və hər zaman topun özlərində olmasını istəyirlər. Belə bir oyun nümayiş etdirən komanda üçün əks-hücumlar hər zaman təhlükəli olur. Necə ki, “Malmö” və Zaqreb “Dinamo”suna qarşı oynayarkən topa sahib olmaq “Qarabağ” üçün vacib idi. Bu baxımdan “Olimpik” öz qapılarının ağzında oynayaraq, əks-hücum strategiyası seçəsi deyil. Bakıda dominant oynayaraq, topa nəzarət etməyə çalışacaqlar ki, belə olduqda bizim əks-hücumlarımız çox effektli ola bilər. Çünki Juninyo və Leonardo çox sürətli, Benzia və Zubir isə açar ötürmə verməyi bacaran oyunçulardır. İstənilən halda, rəqibin təzyiqindən çıxdığımız an yaxşı hücumlar yarada bilərik. Hətta qol vuraraq, oyunu öz tərəfimizə keçirə bilərik. Ən əsası “Qarabağ” müdafiədə çox ciddi olmalıdır. Çünki rəqibin “Beşiktaş”a məğlubiyyətinə baxdıqda görmək olur ki, “qartallar” çox kompakt müdafiə olunsa belə, lionluların qol imkanları var idi. Əgər biz də müdafiə baxımından kompakt oynasaq və bir az bəxtimiz gətirsə, meydandan qələbə ilə ayrıla bilərik. Necə ki, “Bodo Qlimt”lə matçda bu hal yaşandı. Son oyunlarda Fransa təmsilçisinin çoxlu qol imkanı yaratsa belə, qola çevirə bilməməsi də fakt olaraq qalır. Əks-həmlələrdə effektli ola bilsək, rəqibin gücündən aslı olmayaraq, qələbə qazanacağıq”.
GÜNAY SÜLEYMANOVA