UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Olimpik”in təxmini “11-liy”i müəyyənləşib.

Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Pyer Saj heyətdə radikal dəyişikliklər etməyi planlaşdırır.

45 yaşlı mütəxəssis həftəsonu Fransa çempionatı çərçivəsində “Nitsa” ilə keçiriləcək matça daha yaxşı hazırlaşmaq üçün bir neçə aparıcı futbolçusuna istirahət verəcək. Yerli KİV konkret olaraq qapıçı Lukas Perri, müdafiəçi Mussa Niakate, yarımmüdafiəçilər Eynsli Maytland-Nilz, Nemanya Matiç, Sorentin Tolisso, Cordan Veretu və hücumçu Rayan Şerkinin ilk dəqiqələrdən meydanda olmasını ehtimal etmir.

4-3-3 sxemindən əl çəkməyəcək çalışdırıcı qapı xəttində Remi Deşama güvənməyi düşünür. Müdafiə xəttindəki “4-lük” böyük ehtimalla Sael Kembedi – Klinton Mata – Due Çaleta-Sar – Abner Vinisiusdan qurulacaq. Tanner Tessmann, Varmed Omari və Maksans Kakre yarımmüdafiədəki yerlərini alacaqlar. Hücumda isə Georges Mikautadze, Aleksandr Lakazett və Malik Fofananın iştirakı gözlənilir. Adıçəkilən oyunçulardan isə Çaleta-Sar, Abner, Lakazett və Fofana əsas heyət üzvləridir.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” (Lion) görüşü saat 21:45-də başlayacaq.

Shares: