Peşəkar Futbol Liqası II Liqada növbəti iki turun oyun cədvəlini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 11-ci turda keçiriləcək “Saatlı-Araz” – “Şəmkir” oyununun keçirilmə yeri Saatlı OİK stadionu göstərilib. Maraqlısı odur ki, bu mövsüm ev oyunlarını Şirvanda keçirən Saatlı təmsilçisi, nəhayət, doğma rayona qayıdır.

Klub prezidenti Ədalət Abdullayevlə bu barədə danışdıq: “Hər bir futbol klubu üçün təmsil etdiyi şəhərdə, rayonda, doğma publika önündə oynamaq vacibdir. Boş tribunalar qarşısında çıxış etmək futbolçularımız üçün ağır, azarkeşlərimiz üçün isə qəbulolunmaz hal idi.  Bu mövzuda “sarı-bəyaz” camiənin də ciddi təzyiqlərini aldıq. Şükürlər olsun ki, ötən mövsümün sonundan yaranmış anlaşılmazlıq həllini tapdı və biz yenidən doğma şəhərimizdə oynayacağıq. Yeri gəlmişkən, sizin vasitənizlə azarkeşlərimizə də çağırış edirəm. Bizi “Şəmkir”lə oyunda tək buraxmasınlar. Necə ki, ötən mövsümdə tribunaları boş qoymurdular. Qaldı ki, borc məsələsinə, razılaşmaya əsasən, üzərimizə həmin məbləği hissə-hissə ödəmək öhdəliyini götürmüşük”.

BƏHRUZ MUSAYEV

Shares: