Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu bu gün Bakıda Lion “Olimpik”inə qarşı keçirəcək. “Böyük beşlik” təmsilçisi ilə görüşdə komandamızdan hansı nəticəni gözləyirsiniz?

– Turnir cədvəli baxımından çox önəmli matçdır. “Qarabağ” pley-offa vəsiqə qazanmaq, 24 komandanın sırasına düşmək istəyirsə, bu oyunda mütləq qələbə qazanmalıdır. Çünki “Olimpik”lə görüşdən sonra cəmi 3 matç qalacaq və pley-offa düşmək çətinləşəcək. Lion klubu sıradan rəqib deyil, güclü komandadır. Əlbəttə, hər birimiz “Qarabağ”dan qələbə gözləyirik. Ancaq bizi çətin oyun gözləyir. Rəqib üçün də bu görüş böyük önəm kəsb edir. Düşünürəm ki, gərgin oyuna şahidlik edəcəyik. “Qarabağ”a uğurlar arzulayıram.

– Cari mövsümdəki avrokubok matçlarında “Qarabağ”ın müdafiə xəttində boşluqlar verdiyini və rəqiblərin bundan məharətlə yararlandığını görürük. Sizcə, bu gün Ağdam klubunun müdafiəçiləri etibarlı çıxış edə biləcəklər?

– Tamamilə razıyam. Həm “Tottenhem”, həm “Malmö”, həm də “Ayaks”la oyunlarda müdafiədə boşluqlar buraxıldı. Bu da başadüşüləndir. Komanda çox hücuma çıxırsa, deməli, arxa xətdə boşluqlar olacaq. “Qarabağ” hər bir oyunda daha çox hücum edən tərəfdir. Belə olan halda, müdafiədə oyunçuların say azlığı yaranır, bundan da ustalıq səviyyəsi yüksək olan, keyfiyyətli rəqiblər istifadə edə bilirlər. Əlbəttə ki, “Qarabağ” bugünkü oyunun mahiyyətini hamımızdan yaxşı bilir. Yəqin ki, bu görüşdə boşluqlar yaratmayacaq və müdafiədə daha etibarlı oynamağa çalışacaqlar. Qol vəziyyətlərimiz isə mütləq olacaq.

– “Qarabağ” buvaxtadək Fransanın “Sent-Etyen”, “Monako”, “Olimpik” (Marsel) və “Nant” kimi başqa təmsilçiləri ilə də üz-üzə gəlib. Lion klubu bu komandalardan nə ilə fərqlənir?

– Bəli, “Qarabağ” buvaxtadək təkcə Fransanın deyil, digər “böyük beşlik” ölkələrinin də komandalarına qarşı oynayıb. Bilirsiniz, ildən-ilə fərqlər olur. Çünki hər mövsüm komandalar yaxşıya və ya pisə doğru dəyişirlər. Lion “Olimpik”inin adını çəkdiyiniz klublardan nə ilə fərqləndiyini tam deyə bilmərəm. Fransa çempionatı Avropanın 5 ən güclü liqasından biridir. Bu gün “Olimpik”in maliyyə problem ola bilər, ancaq bu, futbolçulara təsir etməyəcək. Meydana hansı heyətlə çıxmasından asılı olmayaraq, rəqib yetərincə təcrübəli və keyfiyyətli komandadır.

– Çempionat oyunları Aleksey Kaşukun tədricən əvvəlki formasını bərpa etmək üzrə olduğunu göstərir. Sizcə, Qurban Qurbanov bu gün ukraynalı futbolçuya ilk “11-lik”də şans verə bilər?

– Kaşuk artıq yavaş-yavaş komandaya uyğunlaşır. Dediyiniz kimi, keçmiş formasına qayıtmaq üzrədir. Ancaq tam qayıtmayıb. İdeal formasından bir az uzaqdır. Buna baxmayaraq, hər oyunda artıq öz keyfiyyətini göstərməyə başlayıb. “Qarabağ”ın məşqçilər korpusu kimi oynatmaq lazım olduğunu daha yaxşı bilir. Rəqibi analiz ediblər və kimin oynamasının komandaya faydalı olacağına onlar qərar verirlər. Həftə ərzində kim məşqdə özünü yaxşı tərəfdən göstəribsə və bu oyuna tam hazırdırsa, o da meydana çıxacaq. “Qarabağ”da yetərincə keyfiyyətli futbolçu, yaxşı cinah yarımmüdafiəçiləri var. Baş məşqçinin seçimi çoxdur.

– İlk 3 məğlubiyyətdən sonra “Qarabağ”ın Avropa Liqasında pley-offa yüksələcəyinə inam xeyli azalmışdı. Ancaq “Bodo Qlimt” üzərindəki qələbədən sonra yenidən təmsilçimizə ümid yaranıb. Sizcə, “Qarabağ” pley-offa yüksəlmək missiyasının öhdəsindən gələ biləcək?

– “Bodo Qlimt” üzərindəki qələbənin ardını gətirmək baxımından bu oyun çox vacibdir. Pley-offa çıxmaq mənasında bugünkü görüş olduqca önəmlidir.

CAVAD

Shares: