Əzəli rəqiblər “Neftçi” və “Qarabağ” Misli Premyer Liqasının 15-ci turu çərçivəsində üz-üzə gələcəklər.

Futbolinfo.az saytının məlumatına görə, bu, tərəflərin ölkə çempionatları tarixində 97-ci dueli olacaq.

Bütün çempionatların iştirakçısı olan bu komandalardan “Qarabağ” 11, “Neftçi” isə 9 dəfə qızıl medalları qazanıb. Son illər dominantlıq edən ağdamlılar istər çempionluq, istərsə də digər statistik göstəricilərdə rəqibini qabaqlayır.

“Qarabağ”ın daxili birincilikdə 42 qələbəsinə “Neftçi” 23 qalibiyyətlə qarşılıq verə bilib. 31 matçda “sülh” bağlanıb. Top fərqində də Ağdam təmsilçisinin böyük üstünlüyü var – 133:84.

Son 11 ildə cəmi 1 çempionluğu olan “Neftçi” şəxsi görüşlərdə də rəqibinə asan “yem”ə çevrilib. Təsadüfi deyil ki, “ağ-qaralar” artıq 13 matçdır qələbə üzü görmür. Bakılılar axırıncı qalibiyyətlərini 2021-ci ilin mayında baş tutan 2020-21 mövsümünün son tur görüşündə əldə edib ki, bu da komandanı çempionluğa daşıyıb. Həmin vaxtdan bəri 13 dueldən 12-də paytaxt təmsilçisi xalsız qalıb. Bundan başqa, “Qarabağ” ardıcıl 6 oyundur “Neftçi”dən 3 xal alır. Son 3 matçda ağdamlılar böyükhesablı qalibiyyətə seviniblər.

Qeyd edək ki, dekabrın 1-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.

Shares: