“Qarabağ”ın sabiq futbolçusu Elmir Xankişiyevin futbolinfo.az saytına müsahibəsi
- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində “Lion”a 1:4 hesabı ilə uduzdu. Matçla bağlı fikirləriniz necədir? Sizcə, hesab oyuna görə oldu?
- Görüşün gərgin və maraqlı keçəcəyi əvvəldən gözlənilirdi. Hamımız “Lion”un Fransanın ən köklü klublarından biri olduğunu bilirik. Əvvəllər bu komanda Çempionlar Liqasının daimi iştirakçılarından idi. “Lion”un həmişə keyfiyyətli oyunçuları olub. Mətbuatda yazılar çıxmışdı ki, hazırda bu klubun maliyyə sıxıntısı var. Amma bu, onların oyununda heç hiss olunmadı. Çünki peşəkar futbolçulardır, bilirlər ki, alacaqlarını alacaqlar. Dünən də meydana istəkli çıxmışdılar, qalib gəlmək istəyirdilər. “Qarabağ” da dünən pis çıxış etmədi. Sadəcə, rəqibin hücum potensialı daha güclü idi. Qonaqlar, demək olar ki, bütün imkanlarından istifadə edib qollar vurdular. “Qarabağ” isə qol epizodlarını dəyərləndirə bilmədi. Hesabın oyuna görə olmadığını düşünürəm. Düzdür, rəqib güclü idi. Amma bu hesab qeydə alınmamalıydı. “Qarabağ” qol imkanlarından istifadə edə bilmədiyi üçün hesab arasındakı fərq böyük oldu.
- Necə düşünürsünüz, matçın qırılma anı hansı idi?
- “Lion”un vurduğu ikinci qoldan sonra sanki “Qarabağ”ın futbolçuları bir az ruhdan düşdülər və komandada qələbə əhval-ruhiyyəsi sındı. Bundan sonra növbəti qolları buraxmağa başladılar. Düşünürəm ki, “Qarabağ” buraxdığı ikinci qoldan sonra psixoloji olaraq özünə gələ bilmədi.
- “Qarabağ”ın heyətində dünən ən çox kimin oyununu bəyəndiniz və ümumi ansambldan geri qalan, zəif təsir bağışlayan kim oldu?
- Konkret kimisə fərqləndirmək istəməzdim. Məncə, komanda şəklində həmişəkindən bir az zəif təsir bağışladılar. Bunu da rəqibin futbolçularının keyfiyyətli, sürətli olması ilə əlaqələndirərdim. Etiraf edək ki, “Lion”un üzvləri daha səviyyəli oyunçulardır. Futbolçuların keyfiyyətindən çox şey asılıdır. Buna görə də “Qarabağ”ın heyətində müsbət və mənfi mənada xüsusi olaraq kiminsə adını çəkmək istəmirəm. Sadəcə, bu oyunda bizim üçün öz boyumuzdan yuxarı tullanmaq lazım idi. Onu da futbolçularımız bacarmadılar. Rəqibin keyfiyyəti buna imkan vermədi.
- Avrokubokların cari mövsümündə “Qarabağ”ın müdafiə xətti etibarlı çıxış etmir. Dünənki oyunda 4 qol buraxmağımız da bunu təsdiqlədi. Müdafiə xəttinin geriləməsi nə ilə bağlıdır?
- “Qarabağ”ın müdafiə xəttində yer alan oyunçular pis futbolçular deyillər. Axı 4 qol buraxmağımız təkcə müdafiəçilərdən asılı deyil. İndiki futbol elədir ki, komanda şəklində müdafiə olunmalısan. Hücumçudan başlamış müdafiəçiyədək hamı müdafiə olunmağı bacarmalıdır, xüsusən də bu səviyyədə rəqiblərə qarşı. “Qarabağ” komanda şəklində pis müdafiə olunmur. Sadəcə, dediyim kimi, “Lion”un oyunçularının fərdi keyfiyyəti çox yüksək idi.
- Liqa mərhələsində “Qarabağ”ın 3 oyunu qaldı. Növbəti görüşlərdə təmsilçimizdən hansı nəticəni gözləyirsiniz?
- “Qarabağ” Avropa Liqasında növbəti oyununu səfərdə “Elfsborq”a qarşı keçirəcək. O matçın nəticəsindən çox şey asılı olacaq. “Qarabağ” İsveçdən 3 xalla qayıda bilsə, son görüşlərə daha motivasiyalı hazırlaşacaq, daha istəkli olacaq. Bu mənada, “Elfsborq”la qarşılaşma böyük önəm kəsb edəcək. “Qarabağ”a uğurlar arzulayıram. İnanıram ki, İsveçdən qələbə ilə qayıdaraq Azərbaycan xalqını sevindirəcək və öz şanslarını saxlayacaqlar.
CAVAD