Misli Premyer Liqasında 15-ci tur təkqollu qələbələrlə başladı. Və bu nəticələr qalib komandalara bir pillə irəliləməyə imkan verdi. Düzdür, tur yekunlaşanda həm “Araz-Naxçıvan”, həm də “Sabah” yenidən əvvəlki mövqeyinə qayıda bilər.

Naxçıvanlıların qələbəsi xüsusilə əlamətdar oldu. Çünki Elmar Baxşıyevin yetirmələri əsas izləyicisini məğlub edib 9 xallıq fərq yaratdı. Komandanın məğlubiyyətsizlik seriyasının davam etməsi avrokuboklara vəsiqəni bir az da yaxınlaşdırdı. Muxtar bölgə təmsilçisi bundan sonra real fürsəti əldən versə, yalnız özünü günahlandıırmalıdır.

“Araz-Naxçıvan”ın uğurunda zəngin heyətlə yanaşı, həmişəki kimi, hakim faktoru da rol oynadı. Düzdür, 15 turda 3-ü baş hakim olmaqla 6-cı dəfə komandanın oyununa təyinat alan Cavid Cəlilov ön plana çıxmadı. Çünki “Turan Tovuz” özü rəqibə qol hədiyyə etdi. Yəqin ki, matç qolsuz davam etsəydi, referi nələrsə fikirləşəcəkdi. Elçin Məsiyevlə birlkdə naxçıvanlıların əsas dəstəkçisi olan hakim bu matça təsadüfən təyinat almamışdı. Bir referi hansısa klubun oyunlarının az qala tən yarısına göndərilirsə, məqsəd aydındır.

Cəlilovun konkret nəticəyə təsir edən qərarı olmasa da, onun varlığı da kifayət edirdi. Meydan sahibləri sevimli hakimə görə psixoloji cəhətdən rahat idi, bilirdilər ki, özləri bacarmasalar da, hakim mütləq nəsə fikirləşəcək. Ona görə də psixoloji təzyiq altında olan tovuzlularla müqayisədə “Araz-Naxçıvan” hələ start fitinədək 3 xalı cibinə qoymuşdu.

Beləliklə, 14 oyunluq məğlubiyyətsizlik seriyası olan “Araz-Naxçıvan” növbəti 1:0-la 4-cü pillədəki komandadan 14 xal aralana bildi. “Turan Tovuz” isə ardıcıl 3 heç-heçədən sonra yenə qələbəsiz, bu dəfə həm də xalsız qaldı. Rəqibin qələbəsini asanlaşdıran bir amil də qonaqların oyunundakı enişdir. Məhdud heyətin uzun marafona tab gətirmədiyi göz önündədir. Komanda qışda heyətini gücləndirməsə, avrokuboka vəsiqə qazanmaq çətin olacaq. Xüsusilə yarımmüdafiəyə və hücum xəttinə rəqabət, yeni qan lazımdır.

Tur “Sabah”ın seriyasının qırılması ilə də əlamətdar oldu. Yeni baş məşqçi Vasili Berezutski debütündə 7 oyunluq qələbəsiz seriyaya son qoymağı bacardı. Lakin “bayquşlar”ın parlaq oynadığını demək olmaz. Ola bilsin, uğursuz zolaqdan çıxmaq üçün futbolçular daha məsuliyyətli olmağa, hesabı qorumağa cəhd etdi. Bu səbəbdən komandanın autsayderlə oyunu parlaq alınmadı. Dəqiq olan odur ki, dünən oynadığı futbolla komandanın avrokubok mübarizəsində uzağa getməsi çətindir. Berezutski mütləq nələrisə dəyişməlidir.

“Səbail” yeni baş məşqçi ilə də məğlubiyyətləri sıralayır. “Dənizçilər” Şahin Diniyevin dönəmində olduğu kimi yenə hər oyunda top buraxır. Fərq ondadır ki, indi komanda qol vurmağı unudub. Cavid Hüseynov hələ ki, müdafiədən oyun qurmaq üzərində baş sındırır, komandanı toparlamağa, kompakt oynatmağa çalışır. Bunun alınması üçün hələ bir müddət səbr etmək gərəkdir.

İnsaf naminə, Hüseynovun ilk oyunlarının “Qarabağ” və “Sabah” kimi iddialılara qarşı olduğu unudulmamalıdır. Onun işinə qiymət verilməsi üçün digər rəqiblərlə görüşləri gözləmək lazımdır. Bununla belə, mövsüm yarılanmaq üzrədir və komanda autsayderlər qrupundan uzaqlaşa bilmir. Zaman keçdikcə xallar qazanılmasa, yenidən psixoloji basqı hiss olunacaq və Hüseynov növbəti iş yerində də Premyer Liqa ilə vidalaşan baş məşqçi kimi yadda qalacaq.

FƏRİD

Shares: