“Qarabağ”ın Lion “Olimpik”inə 1:4 hesablı məğlubiyyəti haqda müxtəlif fikirlər səsləndirilir, fərqli reaksiyalar verilir. Əvvəla, “köhlən atlılar”ın “böyük beşlik” təmsilçisinə yenilgisi adi qəbul edilmirsə, bu, artıq Ağdam klubunun, Qurban Qurbanovun uğuru deməkdir. Amma…

Ammasına keçməmişdən öncə “Qarabağ”ın sərgilədiyi oyuna toxunaq. Önündəki rəqibin hansı çempionatda çıxış etməsinə, büdcəsinə, heyətinə fikir vermədən cəsarətli futbol oynatdığı üçün Qurbanova alqış düşür. Zarafat deyil, “Olimpik” kimi böyük təcrübəyə malik rəqiblə matçda 90 dəqiqə dayanmadan hücum etmək, yüksək temp təklif etmək və buna sonadək dözmək hər komandanın bacaracağı iş deyil. Əslində, “Qarabağ”ın sərgilədiyi oyun xoş sözlərə layiqdir. Zatən, çempionumuz əksər avrokubok matçlarında oyun baxımından rəqiblərinə uduzmur. “Qarabağ”da çatışmayan cəhət, illərdir həllini tapmayan bir problem var: saysız-hesabsız qol epizodlarını dəyərləndirə bilməmək.

Bir komanda özündən qat-qat böyük büdcəyə malik rəqiblərlə oyunlarda da çoxlu qol imkanı yaradırsa, deməli, ortada məşqçi işi var. Qurban Qurbanov üzərinə düşəni, etməli olduğu işin ən çətin hissəsini reallaşdıra bilib. “Qarabağ” illərdir öz oyun üslubuna sadiqdir və həmin dəst-xəttin hesabına ağdamlılar hətta avrokuboklarda da əksər rəqiblərdən üstün oyun nümayiş etdiriblər.

Qayıdaq “əmma”sına… Topa və oyuna nəzarət, sürətli hücumlar, saysız-hesabsız qol vəziyyətləri nəticə üçün bəs etmir! Daha da qabağa getmək, daha böyük nəticələr qazanmaq istəyirsənsə, qol epizodlarından maksimum istifadə etməyi bacarmalısan. “Qarabağ” məhz bunu bacarmır. Bu isə baş məşqçinin həll edə biləcəyi problem deyil. Qurbanov meydana çıxıb Juninyonun yerinə 2-3 metr məsafədən başla qol vurası deyil ki…

Realizə probleminin həlli sırf futbolçu keyfiyyətinə bağlı məsələdir. Mikautadze kimi soyuqqanlı, Tolisso kimi ustalıq səviyyəsi yüksək olan futbolçular Qurban Qurbanovun ixtiyarında olsaydı, “Olimpik” Bakını böyükhesablı məğlubiyyətlə tərk edərdi!

“Qarabağ” futbolçu səviyyəsini qaldırmalıdır. Bəli, Ağdam klubunun üzvləri Azərbaycan çempionatında çıxış edən ən keyfiyyətli legionerlərdir. Ancaq bu, avrokuboklar üçün keçərli deyil. Avropa arenasında onlar sıradan, rəqib qapısı önündə ayağı-ayağına dolaşan oyunçulardır. Epizodları dəyərləndirmək futbolçudan zəka, çeviklik, qol duyumu, bir sözlə, ustalıq səviyyəsi tələb edir. “Qarabağ”a, Qurban Qurbanova da artıq ustalıq səviyyəsi yuxarı olan, bahalı oyunçular lazımdır.

Klubun büdcəsi artırılmalı, daha keyfiyyətli legionerlərin alınmasına şərait yaradılmalıdır. Qurbanov Portuqaliya və digər ölkələrdə heç kimə lazım olmayan, aylardır klubsuz qalan, sönmüş oyunçuları gətirib onları yenidən formaya salmaq məcburiyyətində qalmamalıdır. Hoca daha bahalı heyəti çoxdan haqq edir! Qol imkanlarını sağa-sola xərcləməmək üçün yaxşı futbolçuların gətirilməsinə pul xərcləmək lazımdır! Amma klubu da qınamaq olmur. Yüksək səviyyəli oyunçuları Azərbaycana gətirmək asan deyil, gələnlər üçün isə xərclənəcək pullar həm disbalans yaradar, həm də xərclərin həddindən çox qalxmasına şərait yaradar.

Son matçda qol imkanların heç olmasa yarısından istifadə edə bilsəydik, matç fərqli məcrada keçəcəkdi. Oynayan “Qarabağ”, qol vuran “Olimpik” oldu. Bu hal dəfələrlə “köhlən atlılar”ın başına gəlib. Bu gedişlə bundan sonra da gələcək. Çünki hazırkı futbolçu potensialı ilə daha artığına ümid etmək sadəlövhlükdür. Rəqiblərin səviyyəsi artdıqca meydanda daha tez düşünə və həlledici anda doğru qərar verə bilən futbolçulara ehtiyac yaranır. “Qarabağ”a, Qurban Qurbanova yarım epizodu qola çevirməyi bacaracaq oyunçular lazımdır.

Ümumiyyətlə, çempionatın səviyyəsinin qalxması, rəqabətin yüksəlməsi vacibdir. Hətta ən yaxşı legionerlrimiz də Avropadakı tempin hətta yarısını ölkə çempionatında görmür. Belədə tam fərqli səviyyələrdə sabit oynamaq mümkün olmur.

Qurbanovdan da bəzi gözləntilərimiz, üzərində işləməli olduğu məqamlar var. “Qarabağ” künc zərbələrindən faydalana bilmir. Şablon tərzdə yerinə yetirilən künc zərbələri artıq insanı təngə gətirir. Rəqibləri bundan məharətlə istifadə etdikləri və “Qarabağ”a qollar vurduqları halda, Ağdam klubu künc zərbələrini, demək olar ki, yola verir. Başa düşürük, komandanın üzvləri “ikinci mərtəbə”də güclü deyillər. Buvaxtadək nadir hallarda korner zamanı başla qol vura bilmişik, hava ötürmələri zamanı əksər hallarda rəqib müdafiəçilər topu başla uzaqlaşdırırlar. Ancaq bu, künc zərbələrindən hər dəfə eyni formalarda “istifadə etmək” üçün əsas vermir. Və bu məsələdə məsuliyyət sırf Qurban Qurbanovun üzərinə düşür. O, təkcə cərimə zərbələri deyil, kornerlər üçün də xüsusi ev tapşırıqları düşünməlidir. Vaqif Sadıqovun “Azərbaycansayağı künc zərbəsi” kimi… Güclü rəqibləri ram etməyin ən yaxşı yolu qeyri-standart hərəkətlərdir.

ABBAS

Shares: