“Kəpəz” nəhayət, son pillədən qurtuldu. Gəncəlilər dünən Şamaxıda qazandığı qələbə sayəsində axırıncı sıranı “Səbail”ə təhvil verdi.

Bu nəticə “Şamaxı”nın da vəziyyətini pisləşdirdi. Bölgə təmsilçisi indi “Kəpəz”dən cəmi 3, son pillədən 5 xal öndədir. 8 turdur qələbə üzü görməyən Ayxan Abbasovun yetirmələri son dəfə məhz “Kəpəz”i məğlub etməyi bacarıb. Həmin vaxtdan bəri heyətini əhəmiyyətli şəkildə gücləndirən gəncəlilər revanş almağı bacardı.

Matçın ilk yarısı meydan sahiblərinin nisbi üstünüyü şəraitində keçdi. Amma fasilədən sonra qonaqlar vəziyyətə bərabərləşdirə bildi. “Kəpəz” qazandığı penaltini boşa versə də, 9 dəqiqə sonra Luis Paçu səhvini düzəltdi. Azərbaycana məhz Abbasovun istəyi ilə gələn, ötən mövsümü “Turan Tovuz”da keçirən brazilyalı komandasını son pillədən çıxartmağı bacardı.

“Şamaxı” hələ ki, 7-ci pillədədir. Lakin qələbəsizlik seriyası bitməsə, vəziyyət pisləşəcək. Komanda ilk dövrədəki əla oyununun sayəsində 3 komandanı qabaqlayır. İkinci dövrədə bərbad çıxış edən bölgə təmsilçisi qışda heyəti gücləndirməsə, hətta zirzəmiyə də düşə bilər.

Günün digər qalibi isə “Zirə” oldu. Uğursuz oyunlar seriyasına son qoyan “qartallar” “Sumqayıt”ı parlaq oyunla məğlub etdi. Davit Volkovun susqunluğunu pozduğu gün qəsəbə təmsilçisi bir gün öncə “Sabah”ın yüksəldiyi 4-cü pilləni geri qaytardı. Bu nəticə həm də “Sumqayıt”ın yuxarı pillələrə olan ümidinə ciddi zərbə vurdu. “Zirə” ilə yenidən 7 xallıq fərq yarandı.

Turlar irəlilədikcə turnir cədvəli 3 hissəyə ayrılır. “Qarabağ”la “Araz-Naxçıvan” zirvə üün mübarizə aparırsa, sonrakı üçlük avrokuboka vəsiqə üçün mübarizə aparır. Son 5 pillənin sahibləri xeyli geridədir. Düzdür, üçxallıq sistemlə qapadılması mümkün olmayan uçurum yaranmayıb, amma yenə də hər şey daha çox qış hazırlığından və transferlərdən asılı olacaq.

FƏRİD

Shares: