“Neftçi” ardıcıl 2 mövsüm avrokuboklardan kənar qalmaq təhlükəsi ilə üz-üzədir. Bakılılar 15 turdan sonra 4-cü pillədən 10 xallıq məsafədədir. Bu müddətdə yalnız 2 qələbə qazanılıb, onlardan da biri hazırda son pillədə olan və “Neftçi” qədər qələbəsi olan “Səbail” üzərində reallaşıb.

Samir Abasovun yetirmələri dünən lider “Neftçi”yə böyük hesabla uduzdu. Ağdamlılarla çempionluq mübarizəsində olması gərəkən komanda 3 legionernin maaşı qədər büdcəsi olan “Şamaxı” ilə eyni xalı toplayıb. Və “Qarabağ” təxirə salınmış matçda həmin “Şamaxı”nı yensə, onlardan 3 dəfə artıq xal toplamış olacaq.

“Neftçi” Avropa Liqasında Fransa nəhənginə qarşı ağır matç keçirmiş, fiziki çəhətdən tükənmiş “Qarabağ”a müqavimət göstərə bilmirsə, deməli, komandanın problemləri çoxdur. Ağdamlılar cəmi 2 günlük aradan sonra keçirilən qarşılaşmada, üstəlik, ikinci heyətlə bakılılara 3 cavabsız qol vurursa, vəziyyət daha dramatik hal alır. Və belə rəqabətsiz çempionatdan çıxan “Qarabağ”ın Lion “Olimpik”ini məğlub etməsini istəyirik.

“Qarabağ” dünən sanki ağır oyundan sonra “Neftçi Arena”da bərpa məşqinə çıxmışdı. Qonaqlar topa nəzarət edir, oyunu meydanın rəqibə aid hissəsində keçirir, çoxsaylı kombinasiyalar qurur və qollar vururdu. Hesab daha da böyük olmadısa, bunu Qurban Qurbanovun yetirmələrinin insafına yazmalıyıq. Abdullah Zubir, Marko Veşoviç, Marko Yankoviç, Olavio Juninyo meydana çıxsaydı, yəqin ki, fərqli şeylər olardı.

Hər nə qədər rəqiblərdən biri statist rolunda olsa da, oyunun keyfiyyəti yüksək idi. “Neftçi” bir çox hallarda 3-4-cü ötürmədən sonra topu itirirdi, amma meydanda ən azı mübarizə var idi. Hər iki tərəfin möhtəşəm azarkeş dəstəyi, oyunun yaxşı təşkilatçılığı qarşılaşmanı maraqlı etmişdi. Hər tur ən azı bir belə oyun olsa, yəqin ki, çempionat daha baxımlı alınar.

Futbolçular arasında “razborka”dan tutmuş, şəkil çəkdirərək azarkeşləri qıcıqlandıranlara qədər hər şey oyunun gözəlliyinə xidmət edirdi. Bircə “Neftçi” axsayırdı. Bakılılar büdcəsinə layiq heyət qurub daha doğru işlər görsəydi, rəqibi meydana əsas oyunçuları buraxmağa məcbur etsəydi, Avropa səviyyəli matç izləyərdik.

Amma Qurban Qurbanov oyuna ciddi yanaşmışdı. Bu, həm “Neftçi”nin adını qiymətləndirməkdən, həm də zirvəyə dırmaşmağa davam edən “Araz-Naxçıvan”ı ciddiyə almaqdan irəli gəlirdi. Yəqin ki, qollar yubansaydı, qonaqların baş məşqçisi əsas oyunçuları da meydana buraxacaqdı. Buna ehtiyac olmadı və ağdamlılar rahat qələbə ilə bir günlük endiyi liderlik kürsüsünə qayıtdı.

Abasov “Neftçi”ni özünə gətirmək üçün çalışır. Lakin onun buradakı ilk dönəmindən sonra 4 əcnəbi məşqçi o qədər bərbad işlər görüb ki, toparlanmaq asan deyil. Heyət həddindən artıq faydasız futbolçularla yüklənib. Böyük əksəriyyət Samir bəyin oyun fəlsəfəsinə uyğun gəlmir. Ümumiyyətlə, bir çoxlarının oyunçu keyfiyyətləri bir o qədər qaneedici deyil. Məsələn, ən güvənilən müdafiəçi Yuri Matias uşaq səhvi ilə rəqibin hesabı açmağına şərait yaradırsa, daha sonra növbəti mövqe səhvi ilə daha bir qolda rol oynayırsa, deməli, transferlər düzgün edilməyib.

674cbcf78174071 - Futbolinfo.az

“Neftçi”nn baş məşqçisini qınaya bilmirsən. Çünki komanda hətta “Qarabağ”ın ikinci heyətinə müqavimət göstərəcək səviyyədə komplektləşməyib. Qışda nələri isə dəyişmək olar, amma 10 nəfəri qovub bir o qədərini gətirmək həm risklidir, həm də buna büdcə dözməz. Deməli, Samir bəy maksimum 2-3 oyunçu gətirməli, digərlərindən isə maksimumu almağa çalışmalıdır. Hələ yeni gələcək futbolçuları da kimin gətirəcəyi, onların necə olacağı özü böyük sualdır.

Elə vəziyyətdir ki, “Neftçi” avrokuboka vəsiqə ümidini ölkə kubokuna bağlayıb çempionatı unuda bilməz. Çünki ikinci cəbhədə də tituli qazanmaq istəyən xeyli iddialı var və bakılılar indiki vəziyyəti ilə favorit deyil. Hər nə qədər çətin olsa da, qışa kim maksimum xal toplamaq, yeni ildə isə turnir cədvəlində yuxarılara qalxmaq üçün səfərbər olmaq lazımdır. Çətin olacaq, lakin başqa yol yoxdur.

FƏRİD

Shares: