Misli Premyer Liqasında azarkeş rekordu qırılıb.
Futbolinfo.az saytının məlumatına görə, bu, 15-ci turun “Neftçi” – “Qarabağ” oyununda baş verib.
“Neftçi Arena”da təşkil olunan görüşü 7069 tamaşaçı izləyib. Bu isə cari mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord da “Qarabağ”ın səfər matçına məxsus idi. Belə ki, 10-cu turun “Sumqayıt” – “Qarabağ” (0:1) qarşılaşmasına 7000 azarkeş toplaşmışdı.
15-ci turun 5 oyununda 8799 nəfər olub. Bunun 7069-u Azərbaycan derbisinin payına düşürsə, digər 4 matça ümumilikdə 1730 tamaşaçı gəlib.
Qeyd edək ki, cari mövsüm ən böyük maraq “Turan Tovuz”un ev oyunlarınadır. Tovuz şəhər stadionunda keçirilən 7 görüşə ümumilikdə 33 min 600 azarkeş toplaşıb. İkinci pillədəki “Neftçi” 20 min tamaşaçı səddini keçməyi bacaran ikinci komandadır (8 ev oyununda 21 min 231 azarkeş).