Misli Premyer Liqasının 15-ci turunda “Neftçi”ni 3 cavabsız qolla üstələyən “Qarabağ” əzəli rəqibini ardıcıl 4-cü dəfə böyük hesabla məğlub edib.

Futbolinfo.az saytının məlumatına görə, komandalar arasında 2024-cü ildə baş tutan əvvəlki görüşlərdə Ağdam təmsilçisi müvafiq olaraq 4:1, 5:0 və 4:0 hesablı qələbələr qazanmışdı.

Ümumiyyətlə, Premyer Liqa çərçivəsində “Qarabağ” 11-ci dəfə “Neftçi”yə 3 və ya daha çox top fərqi ilə qalib gəlib. Texniki məğlubiyyətləri nəzərə almasaq, geridə qalan 97 Azərbaycan derbisinin yalnız 1-də “Neftçi” belə sevinc yaşayıb. Bu isə 24 il əvvələ – 2000-ci ilə təsadüf edib. Həmin vaxt “ağ-qaralar” 4:0 hesablı qələbə qazanıb. Ancaq “Qarabağ” altı dəfə 3 top (üç dəfə 3:0, üç dəfə 4:1), üç dəfə 4 top (hamısında 4:0), bir dəfə 5 top (5:0), bir dəfə isə 6 top (6:0) fərqi ilə qalib gəlib. Bu darmadağınların 5-i “Neftçi”nin meydanında qeydə alınıb.

Bundan başqa, “Neftçi”nin “Qarabağ” önündə qələbə həsrəti 14 oyuna çatıb. Bakılılar axırıncı dəfə 3 il yarım əvvəl – 2021-ci ilin mayında rəqibindən çempionatda 3 xal almağı bacarıb. Son 7 matçın hamısında ağdamlılar meydanı qalib tərk ediblər.

Qeyd edək ki, 15 turdan sonra “Qarabağ” 37 xalla turnir cədvəlinə başçılıq edir, “Neftçi” isə 13 xalla 8-ci pillədə qərarlaşır.

Shares: