“Bakı” klubunun və Azərbaycan millisinin formasını geyinmiş braziliyalı sabiq hücumçu Leandro Qomeşin futbolinfo.az saytına müsahibəsi
– Hazırda hansı işlə məşğulsunuz? Futbol sahəsində çalışırsınız?
– Bəli, futbol sahəsindəyəm. Hazırda Rio-de-Janeyro əyalətində birinci divizion klubu olan “Sampayo Korrea”da təcrübə keçirəm.
– Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız?
– Azərbaycanla bağlı xatirələri həyatımın sonuna qədər unutmayacağam. Məni tanıyan insanlar bu ölkə ilə bağlı tez-tez suallar verirlər və onlara həmişə Azərbaycan haqqında danışıram. “Bakı” klubunda oynamaq, ardınca milli komandanın formasını geyinmək şansı qazanmaq, həqiqətən də, inanılmaz idi. Orada keçirdiyim illəri ancaq sevinc hissləri ilə yada salıram. Azərbaycana getmək həyatımda baş verən ən yaxşı hadisələrdən biri idi.
– “Bakı” klubu ilə yanaşı, Azərbaycan millisinin də formasını geyindiniz. Ölkəmizdə keçirdiyiniz hansı oyunları hələ də unuda bilmirsiniz?
– Əvvəlcə millidən danışım. Bakıda Finlandiyaya 1:0 hesabı ilə qalib gəldiyimiz matç möhtəşəm idi. Doğrudan da, yaxşı oynamışdıq və görüşdən sonra çox sevincli idik. Nəticə bizim üçün böyük önəm kəsb edirdi. Yadımdadır, oyundan öncə müsahibəmdə və komanda yoldaşlarımla danışanda yaxşı oynayacağımız halda, qələbə qazana biləcəyimizi demişdim. Həqiqətən də, komandamıza çox inanırdım. Azərbaycan yığmasının heyətində Portuqaliyaya qarşı keçirdiyim oyunu da unuda bilmirəm.
“Bakı”nın heyətində isə mənim üçün ən unudulmaz anlar Azərbaycan çempionu olduğumuz anlar idi. Həmin mövsümün həlledici matçında Tanrı mənə qol vurmağı nəsib etdi və çempion olduq. Çox gözəl günlər idi. O sezonu karyeramın ən yaddaqalan mövsümlərindən biri sayıram, çünki çox şey öyrənmişdim. Komandamızdakı futbolçuların hamısı bir-biri ilə dost idi.
– Azərbaycanda birgə oynadığınız hansı futbolçularla əlaqəniz qalıb?
– Fabio Luis Ramim və digər braziliyalıları qeyd edərdim. Yerli futbolçulardan isə arada Ceyhun Sultanovla danışıram.
– Azərbaycan millisinin oyunlarını izləmək imkanınız olur?
– Bəli, izləyirəm. Mən hamının bir-birini tanıdığı kiçik şəhərdə yaşayıram. Özüm baxa bilməyəndə mənə Azərbaycan millisinin də nəticələri haqda məlumat verirlər.
– Fernandu Santuşun baş məşqçi təyin edilməsindən sonra yığmamız UEFA Millətlər Liqasında cəmi 1 xal qazana bildi. Nəticədə komandamız D Liqasına yuvarlandı…
– Santuş, şübhəsiz ki, təcrübəli məşqçidir. O, Azərbaycan milli komandasına qələbələr qazandıra biləcək möhtəşəm mütəxəssisdir. Bilirik ki, yüksək səviyyəli komandalarla bu cür turnirlərdə mübarizə aparmaq asan deyil. Santuşa inanıram. Çünki Azərbaycan yığmasını öz məqsədinə çatdırmaq qabiliyyətinə malikdir.
– Millimizin hazırkı üzvlərindən kimlərin oyununu bəyənirsiniz?
– Əslində, kimisə fərqləndirmək istəməzdim. Amma bir nəfərin adını qeyd etməliyəm. Mahir Emreli çox yaxşı futbolçudur, onu bəyənirəm.
– Azərbaycana məşqçi kimi qayıtmaq istərdiniz?
– Əlbəttə, istərdim. Bir gün yenidən Azərbaycanda işləmək imkanı yaransa, bu, mənim üçün şərəf olar. 5 il əvvəl Braziliyada bir klubda çalışırdım. Hazırda Braziliyadan kənarda işləməyimə imkan verəcək kursları keçməklə məşğulam. Tanrı Azərbaycanı qorusun. Bu ölkə mənim ürəyimdədir.
ABBAS