“Bu mövsüm ilk dəfə olaraq turnir cədvəlində sonuncu pillədən yuxarı qalxdıq. Bunun bizə müsbət təsir edəcəyini düşünürəm. Əlimizdən gəldiyi qədər yuxarı pillələrə yüksəlməyə çalışacağıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Rauf Hüseynli deyib.
24 yaşlı müdafiəçi “Şamaxı” üzərində 0:1 hesablı qələbədən sonra motivasiyalarının daha da artdığını bildirib: “Şamaxı” ilə oyunda topa daha çox nəzarət edən tərəf olmağa çalışırdıq və bunu bacardıq. Fikrimcə, sona qədər komanda şəklində mübarizə aparmaq və qalib gəlmək istəyi sonda qələbə qazanmağımızda əsas amillərdən oldu. Məşqçilər heyətinin seçdiyi taktika düzgün və effektiv oldu. Bu qələbə sayəsində motivasiya və özgüvənimiz artdı. Bunun gələcək oyunlarda xal və xallar qazanmaq üçün bizə kömək olacağını düşünürəm. Daha da irəliləmək üçün həm oyunumuz üzərində, həm də fərdi şəkildə işləyərək inkişaf etməyə çalışacağıq. Azarkeşlərimiz də çox sağ olsunlar, həmişə yanımızdadırlar və bizi dəstəkləyirlər. Biz də əlimizdən gələni edəcəyik ki, onları sevindirək”.
Rauf növbəti matçdan da danışıb: “Növbəti tur rəqibimiz “Zirə”dir. Meydana qələbə üçün çıxacağıq. Rəqibimiz zəngin heyətə sahib, öz oyun üslubu ilə fərqlənən, yaxşı təşkilatlanmış komandadır. Düzdür, çətin oyun bizi gözləyir, lakin maksimum nəticə qazanmağa çalışacağıq”.
GÜNAY SÜLEYMANOVA