“Bəzən hər şey qaydasında getsə də, arada çətinliyə düşürsən. Əsas təslim olmamaq və mübarizə aparmaqdır. Daha yaxşı nəticələr qazanacağımıza inanırıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Adil Nağıyev deyib.

Müdafiəçi “Kəpəz”lə oyunda ani diqqətsizlikdən qol buraxdıqlarını bildirib: “Kəpəz”lə oyunda pis çıxış etmədik. Sadəcə, diqqətsizlikdən qol buraxdıq. Futbol belədir ki, kim daha az səhv edirsə, o da qələbə qazanır. Komandamızın üzərində hazırda psixoloji gərginlik var. Çünki 8 oyundur qələbə qazana bilmirik. Buna baxmayaraq, çalışırıq ki, hər oyuna yaxşı motivasiya olaq və qələbə qazanaq. Baş məşqçimiz nəyin düz, nəyin yanlış olduğunu bilir. İnşallah, zamanla hər şey düzələcək”.

Kapitan heyətlərinin daha geniş olmasını arzulayır: “Bizim heyətdə futbolçuların potensialı var və daha çoxunu edə bilərlər. Bəzən zədə, bəzən isə cəzalı duruma düşürük. Heyətimiz elə də böyük deyil deyə, bu da oyunlarımıza çox təsir edir. Bir-iki oyunçumuz oynamayanda çətinə düşürük. Heyətimiz geniş olsa, futbolçularda yaxşı rəqabət və inkişaf olar. Mən də mövsüm ərzində pis çıxış etməmişəm. Daha da artığını edə bilərəm. Komandam üçün ən yaxşısını etmək üçün məşqlərdə var gücümlə çalışıram. Baş məşqçimizin kifayət qədər təcrübəsi var, çempionatda ən yaxşı yerli məşqçilərdən biridir. Məncə, “Şamaxı” ilə də pis nəticələr qazanmayıb. Sadəcə, klub olaraq elə də yaxşı imkanlarımız yoxdur. Klub rəhbərliyi ən yaxşısını etməyə çalışır. Məşqçilər də komandanı ən yaxşı şəkildə oyunlara hazırlayır. Mövsümün əvvəlindən məqsədimiz liqada qalmaqdır. Bundan sonra da daha yaxşı nəticələr qazanıb, bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmalıyıq. Qalibiyyətsizlik seriyasını qırmaq üçün oyunlara yaxşı motivasiya ilə hazırlaşıb, məşqlərdə çox çalışıb, meydanda sona kimi mübarizə aparacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: