Adnan Əhmədzadə AFFA-ya rəsmi müraciət edib. Tanınan iş adamı I Liqada mübarizə aparan “Mingəçevir”ə sponsorluq etmək istəyir. O, bölgə təmsilçisini inkişaf etdirmək, Premyer Liqaya yüksəltmək, ən əsası, infrastrukturunu yaxşılaşdırmaq niyyətindədir.
Əldə etdiyimiz məlumata görə, Əhmədzadəyə “Kəpəz”i himayəyə götürmək təklif olunub. Lakin o, hər şeyə sıfırdan başlamaq üçün tam yeni bir komanda formalaşdırmaq istəyir. Bu səbəbdən uzun illərdir elitada olmayan Mingəçevir təmsilçisini seçib.
Bu haqda ilk xəbəri prosport.az saytı yaymışdı. Məlumata görə, SOCAR-ın sabiq əməkdaşı futbol təsərrüfatına daxil olmaq niyyətinə düşüb. Lionel Messi ilə dostluğu çoxdan bəlli olan, braziliyalı dünya çempionu Ronaldinyo və “Barselona”nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirmiş Əhmədzadə Azərbaycan futbolunda da adından söz etdirmək istəyir.
Klubun yeni adı böyük ehtimalla “ASTA-Mingəçevir” olacaq. ASTA Əhmədzadənin “Azerbaijan Sport Talents Academy” uşaq futbol məktəbinin qısaldılmış adıdır. Məhz “Barselona” ilə yaxşı əlaqələrinin olması səbəbindən bu il ASTA-dan bir neçə azərbaycanlı uşaq hazırda “Marset” Akademiyasında təhsil alır. Həmçinin, hazırda AFFA-nın keçirdiyi aşağı yaş qrupu üzrə liqalarda yarışan ASTA futbolçularının “Mingəçevir” klubunun balansına veriləcəyi gözlənilir.
Əhmədzadə AGİN-in balansında olan Mingəçevir şəhər stadionunu uzun müddətə icarəyə götürmək və buradakı infrastrukturu yaxşılaşdırmaq niyyətindədir. O, hazırda bərbad vəziyyətdə olan arenaya ilkin baxış keçirib. İş adamı stadionun arxasındakı ərazadə əlavə məşq meydançaları salmaq, baza tikmək, əsas stadionu isə təmir etdirmək istəyir. Yaxınlıqdakı internatın və “Kür” avarçəkmə bazasının imkanlarından da yararlanmaq istəyən Adnan bəy pillə-pillə inkişaf planı cızıb. Onun öncə infrastukturu yaxşılaşdırmaq, daha sonra iddialı komanda qurmaq məqsədi var.
Əhmədzadənin planı baş tutsa, “Mingəçevir”in indiki rəhbərliyi postlarını təhvil verməli olacaq. Belədə kluba hazırda ASTA-da çalışan Vəli Bünyadov prezident təyin olunacaq. Vəli bəy yüngül atletika üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan rekordçusu, uzun illər “Neftçi” İSM-ə rəhbərlik etmiş Rafiq Bünyadovun oğludur.
İdeya, istək var. Hazırda AFFA-nın maliyyələşdirdiyi klubun Əhmədzadəyə həvalə olunması üçün rəsmi qərar lazımdır. Məsələyə yaxın günlərdə keçirilməsi nəzərdə tutulan AFFA İcraiyyə Komitəsinin növbəti iclasında aydınlıq gələcək. Güman ki, yeni ildən “Mingəçevir” klubunun yeni idarəçiləri olacaq.
FƏRİD