Keçən həftənin hadisələrindən biri ölkəmizdə ilk dəfə basketbol üzrə Avroliqa turnirinin yayımanması oldu. Turnirin eksklüziv yayım hüququna sahib çıxan “İdman TV”-nin bu təşəbbüsü təqdirəlayiqdir. Əvvəla, idman təkcə futboldan ibarət deyil. Futboldan da başqa yüksək reytinqə, böyük marağa malik idman növləri və yarışlar mövcuddur. Bu mənada spesifik idman kanalları tamaşaçıları nəzərə almalıdır.
Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən iki idman kanalı digər idman növlərini yaddan çıxarmır. “CBC Sport” atletika üzrə “Brilyant liqa”, müxtəlif tennis turnirləri və bunlara bənzər yarışları təqdim edir. “İdman TV”-də biz uzun illərdir ki, Formula 1 üzrə dünya çempionatını izləyirik. Ondan başqa, tennis üzrə “Masters” turnirləri və sair izləmək mümkündür.
Əslində bunları yazmaqda məqsəd tamamilə başqadır. Basketbol üzrə Avroliqa turirinin yayımlanması bu növdə milli komandamızın məğlubiyyətindən sonra başladı. Dünya çempionatının seçmə mərhələsində çıxış edən yığma komandamızın hansı səviyyədə olduğu “Bakı İdman Sarayı”ndakı oyunda ortaya çıxdı. Doğrudur, milliləşdirilmiş basketbolçuların yoxluğunda komandadan qələbə gözləmək də sadəlövhlük olardı. Çünki ölkə çempionatında çıxış edən oyunçularımız hələ istənilən səviyyədə deyillər. Hamını maraqlandıran da məhz bu məqamdır – milli basketbolçularımızın səviyyəsinin aşağı olması.
Bunun müxtəlif səbəbləri var. Son bir neçə ildə Azərbaycan Basketbol Federasiyası böyük işlər görüb. Uzun fasilədən sonra normal çempionat yaradılıb. Qısa müddət ərzində 10 komandanın iştirakı ilə yarış keçirilir. Ən vacibi isə regionlarda komandalar yaradılıb. Bütün bunlar basketbolun bütün Azərbaycan üzrə təbliği deməkdir. Çempionatın oyunlarının yayımı bu idman növünə marağı bir qədər də artırır. Elə Avroliqanın yayımlanması da basketbola marağı xeyli artıracaq, uşaqların və yeniyetmələrin basketbolla məşğul olmasına təkan verəcək.
Bütün bunların effekti qarşıdakı illərdə görünməlidir. Lakin indiki vəziyyətin səbəbini düzgün müəyyənləşdirməyə ehtiyac var. Bu gün millimizin istənilən səviyyədə olmamasının səbəbi arada əldən verilən illərdir. Təqribən 15 il əvvəl də ölkəmizdə basketbol canfəşanlığı yaranmışdı. O zaman basketbolla məşğul olmaq istəyənlərin sayı da gündən-günə artırdı. Lakin davamlı olmaması bugünkü vəziyyətə gətirib çıxardı. Arada itirilən illər, fəaliyyətdəki boşluqlar basketbolun inkişafının qarşısını aldı. Buna görə də həmin hadisələrdən dərs çıxarmaq lazımdır. Başlanılan iş sona qədər davam etdirirlməlidir. Əks halda, yenə də əvvələ dönüb yenidən başlamaq məcburiyyətində qalacağıq. Nəticə isə olmayacaq.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu