Misli Premyer Liqasının 15-ci turunda “Qarabağ”a məğlub olan “Neftçi” (0:3) eyni zamanda iki ciddi itki də yaşayıb.

Futbolinfo.az saytının məlumatına görə, Bakı klubu növbəti tur öncəsi iki legionerinin xidmətindən məhrum qalıb.

Belə ki, “Qarabağ”la qarşılaşmada sarı vərəqə alan müdafiəçi Yuti Matias və yarımmüdafiəçi Edvin Kuç cəzalı duruma düşüb. Hər iki oyunçu 4 sarı vərəqə limitini doldurduğu üçün “Sumqayıt”la 16-cı tur matçında iştirak edə bilməyəcək.

Həmçinin “Sumqayıt” da ev oyununa tam heyətlə çıxmayacaq. Çünki kapitan Vüqar Mustafayev 4 sarı vərəqə limitini doldurub. Yarımmüdafiəçi “Zirə” ilə qarşılaşmanın sonlarında sarı vərəqə almaqla cəzalı duruma düşüb.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu dekabrın 8-də Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.

Shares: