“Şamaxı” ilə oyunda hər iki komanda xal qazanmaq istəyirdi. Rəqibin yaxşı kollektivi var. Buna görə də qarşılaşmanın çətin olacağını bilirdik. Meydançada gərgin mübarizə olsa da, sonda qələbə qazanan tərəf biz olduq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev deyib.
28 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı analiz etdiklərini söyləyib: “Rəqibi yaxşı analiz etmişdik və məşqçilərin verdiyi tapşırıqları maksimum dərəcədə həyata keçirməyə çalışırdıq. Düşündüyümüz futbolu, seçdiyimiz taktikanı həyata keçirməyə çalışdıq və faydalı oldu. Sonda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gələrək, istəyimizə nail olduq. Bilirdik ki, sonuncu yerdən qurtulmaq və motivasiyamızın artması üçün bu qələbə çox vacibdir. Məqsədimiz olduqca irəli getməkdir. Bunun üçün komanda olaraq bir yerdə vuruşacağıq. Həqiqətən də çox yaxşı və möhkəm kollektivimiz var. Məncə, birlikdə bu işin öhdəsindən gələcəyik”.
Şahverdiyev azarkeşlərə də təşəkkürünü bildirib: “Komanda yoldaşlarım adından azarkeşlərin hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Çox sağ olsunlar ki, bizi daim dəstəkləyir, yanımızda olurlar. Bu işin öhdəsindən birlikdə gəlmək üçün hər zaman yanımızda olsunlar. Gəncədə futbolu çox sevirlər. Biz də hər zaman xal və xallar qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Qarşıda bizi “İmişli” ilə kubok, daha sonra isə “Zirə” ilə çempionat matçı gözləyir. Bu oyunlarda qələbə qazanmaq istəyirik. Bacardığımız qədər irəliləmək niyyətindəyik”.
GÜNAY SÜLEYMANOVA