Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub. Dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.
Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib. Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.
Partlayışla bağlı araşdırma aparılır. bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, Novxanı bağlar massivindəki partlayışda dağıntılar altından iki nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb. Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
“Report”un yerli bürosunun xəbərinə görə, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılaraq adiyyəti üzrə təhvil veriliblər. TƏBİB-dən bildirilib ki, dekabrın 3-də saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.
“Hadisə nəticəsində xəsarət alan iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır”, – məlumatda qeyd olunub.