“Kəpəz”in yarımmüdafiəçisi Mahamadu Banın futbolinfo.az saytına müsahibəsi
– Son oyunda “Şamaxı”ya qalib gəldiniz. Matç haqqında fikriniz necədir?
– Düşünürəm ki, çətin və gərgin matç oldu. Çünki qaçırılan xeyli epizod var idi. Bu səbəbdən də mürəkkəb oyun oldu. Amma əsas odur ki, 3 xal qazandıq.
– Son pilləni tərk etdiniz. Buna görə xoşbəxtsiniz?
– Hər kəs buna sevinir, əlbəttə ki, xoşbəxtik. Ümid edirik ki, bu cür matçlar çox olacaq. Növbəti oyunlarda da qalib gəlmək üçün çıxışımızı daha da yaxşılaşdırmalıyıq.
– Belə davam edəcəksiz? Növbəti xalları əldə etmək üçün bu motivasiya kifayət edəcək?
– Xeyir, motivasiyamızı daha da yüksək tutmalıyıq. Hər oyuna daha yaxşı motivasiyada çıxmalıyıq. Xallar qazanmağa çalışırıq. Bunun üçün də gərgin məşqlər edirik, daim ciddi yanaşırıq.
– Qısa müddətdə artıq çoxlu oyunlar var. Sizin üçün çətin olacaq?
– Həm çox, həm də çətin oyunlar var. Lakin reallıqdır və biz bu qrafikə hazır olmalıyıq. Əlbəttə ki, hər kəs üçün çətin olacaq. Amma bu matçlardan üzüağ çıxmağa çalışmalıyıq.
– Növbəti matçınız Azərbaycan Kubokunun 1/8 finalında “İmişli”yə qarşıdır. Matçın favoriti sizsiniz…
– Fikrimcə, favorit deyə bir şey yoxdur. Final fiti çalınana qədər biz nəyin necə olacağını bilmirik. Yalnız oyun bitəndən sonra nəticəni görəcəyik. Qələbəni indidən proqnozlaşdırmaq olmaz.
AĞA