Azərbaycan Triatlon Federasiyası (ATF) milliyə yeni idmançılar seçmək məqsədilə testlər təşkil edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun baş katibi Seymur Hüseynov deyib.
Federasiya rəsmisi milliyə yeni idmançıların seçimi ilə bağlı fikirlərini bildirib:
“Son illərdə triatlon Azərbaycanda əhəmiyyətli dərəcədə inkişaf edib və idmançılar arasında bu sahəyə maraq durmadan artır. Əvvəllər triatlonla məşğul olan hər bir şəxs milliyə daxil olmaq üçün müraciət edə bilirdi. Lakin hazırda vəziyyət fərqlidir. Artıq idmançılar və klublar arasında ciddi bir seçim prosesi həyata keçirilir. Bu, triatlonun ölkədə daha da inkişaf etməsi və kütləviliyindən xəbər verir. Testlər yalnız fiziki hazırlıq səviyyəsini yoxlamaqla kifayətlənmir, eyni zamanda idmançıların texniki və taktiki bacarıqlarını da qiymətləndirir. Məşqçi heyəti hər bir idmançının fərdi göstəricilərinə diqqət yetirərək, onların potensialını müəyyən etmək və ən yaxşıları seçmək məqsədi güdür. Seçim prosesi triatlonun inkişafında mühüm bir mərhələdir. Beləliklə, Azərbaycan triatlonu yalnız kütləviliyi ilə deyil, həm də yüksək peşəkarlıq səviyyəsi ilə fərqlənməyə başlayır”.