Avrokuboka vəsiqə qazanmağı hədəfləyən “Turan Tovuz” ciddi zərbə aldı. Hər iki cəbhədə şansını qovan qərblilər artıq ölkə kubokunda mübarizəni dayandırıb. İndi bütün diqqəti çempionata yönəltməkdən başqa çarə yoxdur.
Misli Premyer Liqasında ardıcıl xal itkiləri ilə rəqiblərindən uzaqlaşmaq baxımından real fürsəti boşa verən Kurban Berdıyevin yetirmələri penalti seriyasında uduzdu. Bəlkə də onsuz da kasad heyətə malik komanda üçün bir cəbhədə mübarizə aparmaq daha yaxşıdır. Çünki kuboka ümid bağlamaq risklidir, çempionatda isə səhvləri sığortalamağa imkan olur.
Ümumiyyətlə, “Turan Tovuz” bir neçə yaxşı legioner almasa, rəqabətdə uduzacaq. Rəqiblərinin komandanı “oxumasının” nəticəsidir ki, qərblilər 4 turdur qələbə qazanmır. Komandada yeni qana ehtiyac var. Dünən ayağı sınan və mövsümü erkən qapayan Denis Marandiçinin yoxluğunda vəziyyət daha da qəlizləşdi.
Tovuzluların bəxti də gətirməmişdi. Digər komandalar aşağı liqa təmsilçiləri ilə üz-üzə gəldisə, Berdıyevin yetirmələrinin püşkdə qismətinə titula əsas iddiaçılardan olan “Sabah” düşdü. Və dünən ən yaxşı oyunlarından birini keçirən bakılılar xarakter göstərdi. Həm əsas, həm də əlavə vaxtda hesabı bərabərləşdirməyi hər komanda bacarmır. Üstəlik, penalti seriyasında “Sabah” ilk zərbəni boşa verdikdən sonra dönüş etdi. Cərimə zərbələrindəki qeyri-dəqiqlik isə çempionatdakı bəxtsizliyin (tovuzlular indiyədək 3 penaltini boşa verib – red.) davamı oldu.
Vasili Berzutskinin “Sabah”da böyük irəliləyişə nail olduğunu demək olmaz. Fərq ondadır ki, Krunoslav Renduliçin vaxtındakı standart oyunçu seçimləri və əvəzetmələr yoxdur. Fərqli yanaşması olan rusiyalı hücumda daha basqılı oyuna nail olub və komanda əvvəllər son dəqiqələrdə top buraxıb xal itirirdisə, indi ruhdan düşmür, sonadək mübarizə aparır və faydasını görür. Heyətdəki rotasiyalar, oyunçulardan fərqli mövqelərdə istfadə etmək də hələlik xeyir verir.
“Sabah” 1/4 finala vəsiqəni təmin etdi. Lakin avrokuboka yollanmaq üçün çempionatda da sonadək döyüşmək lazım gələcək. Burada da əsas rəqiblərdən biri Berezutskinin həmyerlisi Berdıyevlə olacaq. Dünən rusiyalıların mübarizəsində gənc məşqçi təcrübəli həmkarına uduzmadı, lakin çempionatda qərblilərin üstünlüyü var, Vasili sələfinin də qisasını almalıdır.
Dünən aşağı liqa klubları lə mübarizə aparan “Səbail” və “Araz-Naxçıvan” da rahat qələbələrlə ən yaxşı 8 komanda sırasına qoşuldu. Növbəti 5 komandanın adına aydınlıq gəldikdən sonra cütlüklər müəyyənləşəcək. Dəqiq olan artıq iki oyundan ibarət 1/4 finalda mübarizənin daha da kəskinləşəcəyidir.
FƏRİD