Azərbaycan Kubokunda ilk 1/8 final mərhələsində “Səbail”ə 0:2 hesablı məğlubiyyətdən sonra “Qaradağ Lökbatan” baş məşqçisi Amit Quluzadə futbolinfo.az saytının suallarını cavablandırıb.

– Kubokla vidalaşdınız. Məğlubiyyətin əsas səbəbləri nələrdir?

– Əsas səbəb kimi təcrübə çatışmazlığını, yoxsa bəxtsizliyi deyim, bilmirəm. Çünki künc zərbəsindən elə qol buraxdıq ki, bəlkə də min dəfə qapıya elə zərbə endirsən, qol olmazdı. Futbolçularım ilk hissəni “Səbail” ilə bərabər səviyyədə oynayırdı. Lakin buraxılan qoldan sonra oynamayan futbolçuları da meydana çıxararaq, hamıya şans verdim. Bu, bizim üçün böyük təcrübə oldu. Futbolçular da özləri səviyyələrini gördülər. Mən öz növbəmdə hər birindən razıyam. Sadəcə, bəxtimiz gətirmədi. “Səbail”i qələbə münasibətilə təbrik edirəm.

– Komandanın oyundakı güclü və zəif tərəfləri hansılar idi?

– “Səbail”i yaxşı “bağlamışdıq”. Demək olar ki, mərkəz müdafiəçiləri meydanın mərkəzinə qədər çıxarmışdıq. Seçdiyimiz taktika özünü göstərirdi. Sadəcə, sonlara doğru futbolçularım fiziki cəhtdən çatdırmadı, yoruldular. Bu da normaldır. Çünki I Liqa ilə Premyer Liqanın oyunundakı temp, oyunçuların fiziki hazırlığı, qaçış məsafəsi eyni deyil. Ona görə də uyğunlaşma baxımından çətinlik yaranmışdı.

– Fərqli hissələr keçirdiz. İkinci yarıda iki qol buraxmağınıza səbəb nə idi?

– Sözün açığı, “Səbail”in son 2 oyununu izləmişdik. Cavid Hüseynovun gəlişindən sonra necə oynayacaqlarını bilirdik və ona uyğun taktiki sxem qurmuşduq. Sadəcə, elə bir qol vuruldu ki, o da komandamızda ruh düşkünlüyü yaratdı. Bəlkə də normal qol vurulsa, bu qədər ruh düşkünlüyü olmazdı. Elə bir qol vuruldu ki, mən həyatımda elə qol gördüyümü xatırlamıram. Əgər matçın taleyini dəyişmək istəyiriksə, əlimizdə ona uyğun futbolçular olmalıdır. Təəssüf ki, bizdə ehtiyyatda olan uşaqların çoxu müdafiəçidir. Müdafiəçilərlə də nəyisə dəyişmək çətin məsələdir. Rəqibin oyun tərzi bizim oyunumuzu pozmadı. Necə istəyirdiksə, elə də çıxış etdik. Rəqibə uyğun taktika seçmişdik və matçın gedişatında bunun nəticəsini də görürdük. Təəssüf ki, bunu sona qədər davam etdirə bilmədik.

– Futbolçuların bugünkü çıxışını necə qiymətləndirirsiniz?

– Məğlub olmağımıza baxmayaraq, həqiqətən də komandamdan razı qaldım. Özlərini hərtərəfli göstərə bildilər. Ən böyük çatışmazlığımız isə son pasları dəqiq yerinə yetirə bilmədik. Əgər daha dəqiq oynaya bilsəydik, bəlkə də daha fərqli nəticə əldə edərdik. Amma yenə də deyirəm: təcrübə öz sözünü dedi. Məğlub olsaq da, bu oyun bizim psixoloji vəziyyətimizi daha yaxşı etdi. Çünki Premyer Liqa komandasına qarşı çəkinmədən, qorxmadan oynadıq. Bu oyun bizə öz çempionatımızda da kömək olacaq. Əgər I Liqada da belə oynasaq, bütün matçlarda yaxşı nəticəyə ümid edə bilərik.

– Oyundan sonra paltardəyişmə otağında futbolçulara nə dediniz?

– Futbolçulara heç bir şey demədim. Əksinə, oynadıqları oyuna və göstərdikləri mübarizəyə görə təbrik etdim. Belə davam etmək lazım olduğunu bildirdim. Artıq kubokla vidalaşdıq və bundan da bir təcrübə qazandıq. Hərə nə bacarırdısa, onu da etməyə çalışdı. Tapşırıqlarımı yerinə yetirməyə çalışdılar. İnşallah, bundan sonra hər şey daha da yaxşı olar.

– Bir həftə sonra MOİK-lə oyununuz var. Bu matça necə hazırlaşmağı düşünürsünüz?

– İstirahətdən sonra oyunun hazırlıqlarına başlayacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Artıq göstərdiyimiz oyuna uyğun nəticələr qazanmaq istəyirik.

GÜNAY SÜLEYMANOVA

Shares: