Mövsümün gedişində “Neftçi”dən ayrılan Roman Qriqorçukun işsiz günləri başa çatmaq üzrədir.

Futbolinfo.az saytının Ukrayna mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis yenidən ölkəsində fəaliyyət göstərməyə yaxındır. Onun adı Premyer Liqa təmsilçisi LNZ-lə birgə hallanır.

Çerkass klubunun hazırkı baş məşqçisi Andres Karrasko qış fasiləsində vəzifəsindən ayrılmağı düşünür. İspaniyalı mütəxəssisin bu qərarı nəticələrə yox, şəxsi səbəblərə görə atması gözlənilir.

Ailəsinə görə İspaniyaya qayıtmağı planlaşdıran Karraskonu əvəzləməyə bir nömrəli namizəd məhz Qriqorçukdur. Klub rəhbərliyi bu variantı nəzərə alaraq, Qriqorçukla ilkin təmas da qurub.

Qeyd edək ki, Roman Qriqorçuk yay fasiləsində “Neftçi”nin “sükanı arxasına” keçsə də, uğursuz nəticələr istefasına səbəb olub.

Shares: