“Neftçi”nin sabiq futbolçusu Slavço Georgiyevski komandanın Misli Premyer Liqasının 16-cı turunda “Qarabağ”la oyununu dəyərləndirib.

Şimali makedoniyalı keçmiş yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında “ağ-qaralar”ın 0:3 hesablı məğlubiyyətini və çempionatda uğursuz çıxışını legionerlərlə əlaqələndirib.

Onun fikrincə, Bakı klubu yerli oyunçu baxımından problem yaşamır: “Çempionluğa iddia edirsənsə, sənin əcnəbilərin ön planda olmalı, komandanı irəli çəkməlidirlər. Bizim vaxtımızda həm yerlilər, həm də əcnəbilər güclü futbolçular idi. “Neftçi”nin hazırkı yerli oyunçuları da pis deyillər. Rza Cəfərov, Emin Mahmudov, Ramil Şeydayev millilərində oynayan səviyyəli futbolçulardır. Ancaq legionerlər barədə bunu deyə bilmərəm. Təkcə Yuri Matiasın “Qarabağ”la görüşdə buraxdığı kobud səhvi xatırlatmağım kifayət edər. Vəziyyəti dəyişmək üçün gənc yerlilərə şərait yaratmaq və qış fasiləsində güclü legionerlər dəvət etmək lazımdır”.

Qeyd edək ki, Slavço Georgiyevski 2010-2012-ci illərdə “Neftçi”nin formasını geyinib.

Shares: